Köç karvanı Xocalının Ballıca kəndinə çatıb, mənzillərin açarları təqdim edilib - FOTOLAR - YENİLƏNİB

  • By Günel
  • 13 Dekabr 2024 16:11

Xocalı rayonunun erməni işğalından azad edilmiş Ballıca kəndinə Böyük Qayıdış proqramı çərçivəsində ilk köç gerçəkləşib.

Gununsesi.info xəbər verir ki, müxtəlif şəhər və rayonlardakı müvəqqəti məskunlaşma yerlərində yaşayan ümumilikdə 152 nəfər olmaqla 27 ailə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində öz vətənlərinə köçürülüblər.

Xocalı sakinlərini Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov qarşılayıb. E.Yusubov mənzillərin açarlarını ailələrə təqdim edərək, onlara doğma yurdlarında xoşbəxt və firavan həyat arzulayıb.

Yenidən bərpa edilən kənd su, qaz, elektrik enerjisi ilə təchiz olunub, internet xətti çəkilib.Tibb və polis məntəqələri binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası da sakinlərin ixtiyarına verilir.

Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi şəhər mərkəzindən 10.6 km metr məsafədə yerləşir. Kənd Ballıca çayının sol sahilində, Qarabağ silsiləsinin ətəyindədir. Adını ərazidəki eyniadlı çaydan alıb. Dağlıq ərazilər istisna olmaqla, iqlimi mülayim-istidir.

Xatırladaq ki, kənd 1992-ci ildə Ermənistan ordusu tərəfindən işğal edilib.2023-cü ildə sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ballıca kəndi düşmən tapdağından azad olunub.

11:30

Xocalının Ballıca kəndinə köç karvanı yola salınır.

APA xəbər verir ki, bu gün Xocalı rayonunun Ballıca kəndinə 27 ailə (152 nəfər) köçürülür.

Hazırda kənddə 192 fərdi yaşayış evinin təmir olunması nəzərdə tutulub. O cümlədən, 1-ci mərhələdə təmir olunması nəzərdə tutulan fərdi ev sayı 82, 2-ci mərhələdə təmiri aparılacaq fərdi ev sayı isə 110-dur.

Kənd eyni zamanda, su, qaz, elektrik enerjisi ilə təchiz edilib, internet xətti çəkilib. Tibb və polis məntəqəsinin binaları, 200 şagird yerlik tam orta məktəb və 35 çarpayılıq uşaq bağçası hazırdır.

Qeyd edək ki, Xocalı rayonunun Ballıca kəndi Xocalı şəhərindən 10,6 km məsafədə yerləşir. Yaşayış məntəqəsi XIX əsrədək Gəncə qəzasındakı Əhmədbəyli kəndinin əhalisinin yaylağı olub. 1992-ci ildə Ermənistan tərəfindən işğal olunub və Ermənistan ordusu tərəfindən silah anbarı kimi istifadə edilib. 2020-ci oktyabrın 5-də Vətən müharibəsi zamanı silah anbarı Azərbaycan Ordusu tərəfindən məhv edilib. 2023-cü il sentyabrın 19-20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində kənd azad olunub.

Xatırladaq ki, hazırda işğaldan azad olunmuş ərazilərdə 30 mindən artıq insan yaşayır. (APA)

Gununsesi.info