Köçkünlər Laçının işğalı günü Şəhidlər Xiyabanına toplaşdı - QARABAĞA QAYIDIŞ İCTİMAİ BİRLİYİ MÜHARİBƏ TƏLƏB EDİR

  • By admin
  • 20 May 2019 23:22
18 may Laçının ermənilərə işğal etdirilməsinin 27-ci ildönümündə minlərlə  Azərbaycan vətəndaşı Şəhidlər Xiyabanını ziyarət edib. Onların arasında təbii ki, yurd-yuvalarını itirmiş məcburi köçkünlər çoxluq təşkil edib. 
Gununsesi.org  xəbər verir ki, Qarabağa Qayıdış İctimai Birliyinin təşkilatçılığı ilə şəhidlərin məzarını ziyarət etdikdən sonra Şəhidlər abidəsi qarşısına toplaşmış  Laçın və Kəlbəcər rayonunun sakinləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və dünya azərbaycanlılarına müraciət ünvanlayıblar. Çıxış edənlər artıq bıçağın sümüyə dirəndiyini, erməni baş nazir Nikol Paşinyanın Şuşada yallı getməsinin bütün Azərbaycan xalqı və dövləti, ümumiyyətlə, bütün türk-müsəlman dünyası üçün təhqir olduğunu vurğulayıblar. Köçkünlər  bu il -2019-cu ildə torpaqlarımızın o cümlədən, Qarabağın ən strateji bölgələri olan, Şuşa, Laçın və Kəlbəcərin işğaldan  azad edilməsi üçün qəti və həlledici hücum əməliyyatına keçməyi tələb ediblər.
“Sağ olsun cənab Prezident, qaçqınlar üçün, bizlər üçün yeni binalar, evlər tikib və tikməkdədir. Sosial durumumuzun yaxşılaşdırılması üçün müəyyən tədbirlər görür. Ancaq torpağımız olmayandan sonra biz o təzə evləri də istəmirik, qoy orda  tələbələr, Bakıda ailə quran, yeni evlənənlər yaşasın, biz  isə torpaqlarımızı azad edək. Eybi yox, çadırda da, lap kahada da, qazmada da yaşayarıq.  Günlərlə ac qalarıq, otla, yarpaqla, o meşələrin mer-meyvəsi ilə  dolanarıq. Təki öz torpağımızda, yurdumuzda yaşayaq.  Bu gün hər şeydən öncə bizə torpaq, Vətən lazımdır! Qarabağ, Kəlbəcər, Şuşa, Laçın, Qubadlı. Ağdam və digər torpaqlarımız biz qaçqın vətəndaşların qürurudur, şərəfidir. O qürur, o şərəf  30 ilə yaxındır düşmən, erməni tapdağı altındadırsa, bizim yaşamağa haqqımız yoxdur. Ona görə də biz bu gün 18 yaşından 60 yaşınadək səfərbər olub torpaqlarımız uğrunda “Ya ölüm, ya qalım” döyüşünə atılıb şəhid olmağa hazırıq. Deyirik, Azərbaycan ordusu Güney Qafqazda ən güclü ordudur. Güclü ordunun torpağı işğal altında qalmamalıdır!..”- deyə köçkün vətəndaşlar qəti şəkildə bildiriblər.
Didərginlər hər gün, hər ay, hər il keçdikcə işğal altındakı torpaqların köklü sakinlərinin azaldığını, insanlarda təbii olaraq o torpaqlara bağlılıq hissinin soyuduğunu vurğulayaraq  heç bir təçkilatı, ATƏT-i, BMT-ni, ABŞ-ı, Rusiyanı gözləmədən qəti əməliyyatlara başlamağı, qəti və həlledici “hücum” əmir verilməsini tələb ediblər. Dünya azərbaycanlılarına, türk-İslam dünyasına müraciət edən çıxışçılar onlardan dövlətimizə, xalqımıza beynəlxalq güclərlə, ermənipərəst qüvvələrlə siyasi mübarizədə dəstək olmalarını xahiş ediblər.