Köləlik möhürü - VAQİF SULTANLI RUS MƏKTƏBLƏRİNDƏN YAZDI

  • By admin
  • 27 Mart 2022 07:56

 

Rus məktəbləri – millətin gələcəyinə basdırılmış, hər an partlaya biləcək təhlükəli minalardır.
Rus məktəbləri – Lev Tolstoyu, Fyodor Dostoyevskini orijinalda oxumaq üçün dil öyrənişi deyil, rus soldatının çəkmələri altında əzilərkən imdad diləmək üçündür.
Rus məktəbləri – “Rusiyanın sərhədləri yoxdur” deyən rus şovinistlərinin dəyirmanına su tökmək, öz vətəni hesabına imperiya azğınlarının yolunu açmaqdır.
Rus məktəbləri – savaşla fəth edilməsi mümkün olmayan qalanın açarının xəyanətlə düşmənə təslim edilişi deməkdir.
Rus məktəbləri – Azərbaycanın bölünməsinə, Cümhuriyyətin süquta uğradılaraq sovet müstəmləkəçiliyinə yuvarlanmasına, milli siyasi elitanın, on minlərlə aydının soyqırıma məruz qalmasına, İyirmi yanvar, Xocalı qətliamına, Qarabağın viran edilməsinə arxa çevirməkdir.
Rus məktəbləri – millətə məxsus olan dəyərlərin unutdurulması, yox edilməsi, milli mənliyin aşındırılması, özgələşdirilməsi, yabançılaşdırılmasıdır.
Rus məktəbləri – millətin öz soyuna, kökünə, ənənələrinə bağlılığını qırmaq, toplumun elliklə manqurtlaşdırılmasına dayaq olmaq deməkdir.
Rus məktəbləri – Ukraynada xəstəxanaları, doğum evlərini, uşaq bağçalarını, teatr binalarını yerlə bir edən, mülki əhalini vəhşicəsinə qətlə yetirən Rusiya impeyasının qanlı əməllərini görməzdən gəlmək deməkdir.
Rus məktəbləri – öz xalqını zaman-zaman cilddən-cildə girən “velikorus” şovinizminə xidmət məramına yoluxdurmaqdır.
Rus məktəbləri – yer üzündə özündən başqa bütün millətləri heçə sayan irticaçı bir kültürə yarınmaq deməkdir.
Rus məktəbləri var olduqca Azərbaycanın gerçək anlamda birliyi, bütünlüyü mümkün olmayacaqdır.

Vaqif Sultanlı

Gununsesi.info