Kolumbiya ABŞ-dən kömək istəyib

  • By Admin2
  • 11 İyun 2025 10:54

Kolumbiya senator Uribeyə sui-qəsd cəhdinin araşdırılmasında ABŞ-dən kömək istəyib.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Kolumbiya prezidenti Qustavo Petro silahlı hücumda ağır yaralanan sağçı senator Migel Uribe Turbaya qarşı sui-qəsd cəhdinin araşdırılmasında ABŞ -dən kömək istəyib.

Petro, sosial media platformasındakı X hesabından verdiyi açıqlamada hücumla bağlı təfərrüatları paylaşaraq, “ABŞ səfirliyi vasitəsilə senator Uribe Turbaya qarşı sui-qəsd cəhdinin araşdırılmasında ABŞ qurumlarından hərtərəfli yardım istədim. Sui-qəsdin silahı Arizona ştatında alınıb və Florida vasitəsilə ölkəyə gətirilib” deyib.

Kolumbiya Respublika Prokurorluğu, Uribeyə hücum edən 15 yaşlı şübhəli haqqında “qəsdən adam öldürməyə cəhd” və “qanunsuz silah saxlama” ittihamları ilə iddia açıldığını açıqladı.

Daxili işlər naziri Armando Benedetti verdiyi açıqlamada prezident Petronun bu insidentlə bağlı müxalifət və keçmiş prezidentlərlə görüşməyə və dialoq qurmağa hazır olduğunu bildirib.

Uribenin reanimasiyada müalicəsi davam edir.

Səlahiyyətlilər, paytaxt Boqotadakı özəl xəstəxanada əməliyyat olunan Uribenin vəziyyətinin “kritik” olduğunu və müalicələrə zəif cavab verdiyini bildirdi.

Orxan

Gununsesi.info