Komitə 12 dini icmaya pul ayırdı –SİYAHI

  • By admin
  • 10 Mart 2017 16:54

14891511132934553626_1000x669

Martın 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılmış 12 dini icma sədrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, Aparat rəhbəri, şöbə müdirləri və dini icmaların rəhbərləri iştirak ediblər.

Bu haqda Gununsesi.info-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər.

Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, ümummilli lider Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Dövlətimizin başçısı son dövrlərdə milli-mənəvi dəyərlərin dirçəldilməsinə, o cümlədən yeni dini məbədlərin inşasına, mövcud olanların isə əsaslı təmirinə və yenidən qurulmasına xüsusi diqqət ayırır. Azərbaycan Prezidentinin sərəncamları ilə tarixi dini abidələr, ziyarətgahlar bərpa edilir, dini-mənəvi dəyərlərə verilən yüksək qiymətin göstəricisi olaraq silsilə tədbirlər həyata keçirilir.

Azərbaycan Respublikasında 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında imzaladığı Sərəncamın vacibliyinə toxunan Səyyad Salahlı maliyyə yardımı ayrılmış layihələrin İslam həmrəyliyinə həsr olunduğunu bildirib. Komitə sədrinin birinci müavini, eyni zamanda, İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri barədə tövsiyələrini də verib.

Maliyyə yardımı ayrılan Şamaxı rayonu Məlikçobanlı kəndi “Cümə” məscidi dini icması “İslamda həmrəylik məzhəblərarası tolerantlıq müstəvisində”, Salyan şəhəri “Mərkəzi Hacı Tağı” məscidi dini icması “İslam dinində tolerant və multikultural dəyərlər” Tovuz rayon məscidi dini icması “İslam həmrəyliyində məzhəblərarası dialoqun önəmi”, Masallı rayonu Şərəfə kənd məscidi dini icması “İslam həmrəyliyi və vəhdət”, İmişli şəhər məscidi dini icması “Milli-mənəvi dəyərlərimiz və müasirlik”, Şəki rayonu Suçma kənd məscidi dini icması “İslam dinində mövhumata və xurafata yer yoxdur”, Abşeron rayonu Digah qəsəbə məscidi dini icması “Ailə milli-mənəvi dəyərlərin daşıyıcısıdır”, Lerik rayonu Lüləkəran kənd məscidi dini icması “İslam həmrəyliyinin dini radikalizmə qarşı mübarizədə əhəmiyyəti”, Bakı şəhəri Pirallahı rayonu “Pirallahı” məscidi dini icması “İslam həmrəyliyinin Azərbaycan nümunəsi”, Şabran rayonu Vələsli kənd məscidi dini icması “Azərbaycanda ənənəvi İslam: həmrəyliyə gedən yol”, Zaqatala rayonu Muxax kənd məscidi dini icması “Keçmişdən günümüzə Azərbaycanda İslam həmrəyliyi ənənələri”, Oğuz rayonu Bayan kənd məscidi dini icması “Dini radikalizm İslam həmrəyliyinə və birgəyaşayış ənənəsinə təhdiddir” layihələrini həyata keçirəcəklər.

Maliyyə yardımı almış dini icmaların sədrləri tədbirdə çıxış edərək dini sahəyə göstərdiyi diqqət və qayğıya, həmçinin dini icmalara ayrılan vəsaitə görə dövlətimizin başçısı İlham Əliyevə dindarlar adından təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Prezident İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərəncama uyğun olaraq, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən 180 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-İslam, 161-i isə İslam dini icmasıdır. Dini icmalar ayrılmış vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində yerlərdə tədbirlər keçirməkdə davam edirlər.

Gununsesi.info