
İsrailin Qəzzaya davam edən hücumlarına və ABŞ administrasiyasının İsrailə hərbi dəstəyinə etiraz edən bir qrup nümayişçi “Qəzzada dərhal atəşkəs” tələbi ilə Konqres qarşısında nümayiş keçirib. 13 nümayişçi polis tərəfindən saxlanılıb.
Gununsesi.info xəbər verir ki, ABŞ-ın paytaxtı Vaşinqtonda bir araya gələn “Ədalət Layihəsi” ictimai hərəkatının nümayişçiləri İsrail və ABŞ əleyhinə etiraz aksiyası keçiriblər.
100-dən çox nümayişçi Vaşinqtonun ikonik binalarından biri olan “Union Station” qarşısında toplaşaraq “Qəzzada təcili atəşkəs” kimi şüarlar yazıblar.
Aralarında müxtəlif millətlərdən çoxlu qaçqının olduğu etirazçılar ABŞ administrasiyasını fələstinlilərin məcburi köçkünlüyünün qarşısını almaq üçün konkret addımlar atmağa çağırıblar.
“Union Station” önündə nümayişdən sonra qrup “Cannon House” binasına yollanıb. Təxminən 15-20 nümayişçi binaya daxil olub.
Bayden administrasiyası və Konqresi İsrailə hərbi yardımı dayandırmağa çağıran qrup, Qəzzada öldürülən minlərlə mülki vətəndaşın xatirəsini yad edib.
Qəzzada öldürülən mülki şəxslərə toxunan qrup, mərkəzdə “Qəzzada atəşkəs indi” yazılmış böyük pankartla, ölmüş kimi yerə uzanaraq hücumlara etiraz edib.
Polis 13 etirazçını saxlayıb, qalan nümayişçilər insidentsiz dağılıblar.
Gununsesi.info