
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası başlayıb. Gununsesi.info-nun məlumatına görə, iclasda Konstitusiyasının 86-cı maddəsinə uyğun olaraq, iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərin nəticələrinin yoxlanılması və təsdiq olunmasına dair məsələyə baxılır. Plenumun iclasını açıq elan edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev məhkəmə heyəti və katibini təqdim edib. İclasda məruzəçi hakimMilli Məclisə seçkilərin vaxtının təyin edilməsi, keçirilməsi və yekunları barədə məlumat verməyə başlayıb. Qeyd edək ki, iyunun 29-da MSK iyunun 18-də 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərlə əlaqədar səsvermənin ümumi yekunlarına dair protokolun təsdiqi və seçkilərin yekunlarının yoxlanılması və təsdiq edilməsi üçün DSK protokolu və ona əlavə edilmiş sənədlərin Konstitusiya Məhkəməsinə təqdim olunması barədə qərar qəbul edib. MSK-nın yekun protokoluna əsasən, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının namizədi Cavid Osmanov deputat seçilib. C. Osmanov 19 674 (85.6%) səs toplayıb.
Xatırladaq ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Ümid Partiyasının sədri İqbal Ağazadə öz namizədliyini irəli sürmüşdür. İ.Ağazadə mətbuata açıqlamasında bildirmişdir ki, seçkilər Yeni Azərbaycan Partiyası (YAP) namizədinin xeyrinə saxtalaşdırılıb.
Gülnaz Qənbərli