Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı ilə bağlı ilk dəfə səs verən tələbələr üçün maarifləndirici tədbir keçirilib.
Bu haqda Gununsesi.info-ya UNEC-dən məlumat verilib.
UNEC-in İqtisadi məsələlər üzrə prorektoru, İqtisadi hüquq kafedrasının dosenti hüquq üzrə fəlsəfə doktoru Mikayıl Zeynalov sentyabrın 26-da keçiriləcək referendum aktının mahiyyəti, referendumda Konstitusiyaya təklif edilən əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verib. M.Zeynalov bildirib ki, yeni qanunların qəbulu, mövcud qanunlara əlavə və dəyişikliklərin edilməsi ictimai münasibətlərin hüquqi tənzimlənməsini daha da təkmilləşdirmək, müasirləşdirmək zərurətindən irəli gəlir. Təklif olunan referendum aktında Konstitusiyanın 23 maddəsinə dəyişikliklər və 6 yeni maddənin isə əlavə olunmasının nəzərdə tutulduğunu qeyd edən M.Zeynalov seçki hüququna malik bütün vətəndaşların ümumxalq səsverməsində iştirakının əhəmiyyətini vurğulayıb, gəncləri referendum günündə aktiv olmağa səsləyiblər.
Tədbirdə ilk dəfə səsvermək hüququq qazanan gənclərin sualları cavablandırılıb. Sonda YAP sıralarına yeni daxil olmuş 20 UNEC tələbəsinə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Gülnaz Qənbərli
Gununsesi.info