Rusiyalı tibbi psixoloq Nikita Çernov insanların virus infeksiyalarına, o cümlədən koronavirusa yoluxmaqdan təşvişlə qorxmasının yarada biləcəyi fəsadlardan danışıb.
Gununsesi.org bildirir ki, bu barədə Gazeta.ru məlumat yayıb.
Çernovun sözlərinə görə, insanları ən çox təşvişə salan mətbuatda ölüm hallarının yüksək olması, vaksinin yoxluğu, müxtəlif ölkələrdə karantin vəziyyəti ilə bağlı məlumatlardır.
“Bütün bunlar qeyri-müəyyənlik hissi yaradır. Bu isə həyəcana səbəb olur və insanı qorxudur”, – Çernov bildirib.
Psixoloq qeyd edib ki, xəstəlik zamanı insanın reaksiyası müxtəlif cür olur. Bir tərəfdən, insan daha ehtiyatlı olur, digər tərəfdən isə, idarəolunmaz təşviş başlayır. Bu isə təhlükəli davranışlara səbəb olur. Sözügedən vəziyyət uşaqların valideynlərinin davranışlarından qorxuya düşməsinə gətirib çıxarır.
“Təşvişdə olan insan ətrafdakıların dəstəyini axtarmağa meyillidir. Bu isə təəssüf ki, həmçinin ətrafdakı insanların təşvişinə səbəb ola bilər. Bununla da, ümumsosial səviyyədə təşviş artır, hansı ki, istənilən virusdan daha təhlükəlidir”, – Çernov deyib.