“Koronavirus testləri pulsuz olmalıdır, aidiyyatı qurumlar tədbir görməlidir…”

  • By admin
  • 04 Yanvar 2021 15:57
Bu gün aktrisa Zülfiyyə Qurbanovanın doğum günüdür.
Sənətçi öz doğum günü münasibəti ilə Moderator.az-ın suallarını cavablandırıb.
Gununsesi.org Z.Qurbanova ilə müsahibəni təqdim edir:
– Zülfiyyə xanım, doğum gününüzü təbrik edirik…
– Çox sağ olun.
– Bu gününüzü necə qeyd edirsiniz?
– Mən ümumiyyətlə, ad gününü qeyd etməyi sevən adam deyiləm. Bu günü belə xüsusi təmtəraqla heç vaxt qeyd etməmişəm. Həmişə anam bizi süfrənin başına yığırdı. Bu il ilk doğum günümdür ki, anamsız keçirirəm və buna görə də doğum günümü qeyd etməyəcəm. Bu gün bizdən daha çox bizi dünyaya gətirənlər üçün əlamətdar gündür.
– Zülfiyyə xanım, ötən il bizim üçün qələbə ili kimi yadda qaldı. Yaşadığınız Sumqayıt şəhərinin igid oğlanları həm 2016-cı il Şanlı aprel döyüşlərində, həm də Vətən müharibəsində döyüşərək şəhid və qazi oldular. Bu qələbəmiz sizdə hansı təəssüratları yaratdı?
– Qələbəmizi qürurla qarşıladıq, amma mən heç bir şeyi birtərəfli düşünən adam deyiləm. Amma digər tərəfini düşünəndə görürsən ki, oğullarımız şəhid oldu və bizim analarımız gözüyaşlı qaldı. Mənim doğmam Allahın verdiyi ömrü yaşayıb və dünyasını dəyişib, amma özümə gələ bilmirəm. İndi şəhid analarımızın nə çəkdiyini təsəvvür edə bilmirəm. Allah səbr versin demək adət halını alıb, amma çox çətindir. Torpaqlarımız şəhidlərimizin qanı bahasına işğaldan azad olundu.
– Vətən müharibəsində yaxınlarınızdan döyüşdə olanlar var idimi?
– Müharibədə iştirak edən və qazi olan qohumlarım var. Dayım uşaqları Vətən müharibəsində iştirak ediblər. Hələ mən birincidərəcəli yaxınlarımdan danışıram, nəsil etibarıyla danışsam, onlar daha çoxdular. Birinci Qarabağ savaşında xalam uşaqları iştirak etdi və onlardan ayaqlarını itirənlər də oldu.
– Zülfiyyə xanım, bu gün bizim artıq bir ilə yaxındır ki, mübarizə apardığımız bəla  koronavirus pandemiyasıdır. Siz özünüzü bundan necə qoruyursunuz?
– Çalışıram ki, qoyulan bütün qaydalara riayət edim. Amma yenə də bizi ən böyük qoruyan Allahdır. Xəstəliyə tutulmaqdan yox, bunun sonrakı fəsadlarından qorxuram.
– Səhv etmirəmsə, sosial şəbəkələrdə bununla bağlı tənqidi fikrinizə rast gəlmişdim…
– Bəli. Bu koronavirus testi ilə bağlı idi. Koronavirus testi düşünürəm ki, pulsuz olmalıdır. Çünki cəmiyyətdə elə insanlarımız var ki, 300-400 manat maaş alır, yəni bu gizli deyil. Əgər evdə hamı testdən keçməlidirsə, onu necə etsin? Testin qiyməti ən aşağısı 80 manatdır. O, insanın həm test etməyə imkanı yoxdur, həm də cavab pozitiv çıxsa, bunun müalicə xərcləri var. Bütün bunları necə edəcək? Bununla maraqlanan aidiyyatı qurumlar niyə düşünmürlər? Heç olmasa müəyyən şeylər pulsuz olmalıdır ki, insanlara hardasa köməklik olsun. Eşitdiyimə görə dünya ölkələrində koronavirus xəstələrinə dərmanları pulsuz verirlər.

Gununsesi.org