Koronavirusa yoluxan alim haqqında lazımi tədbirlər görüləcək - RƏSMİ

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı məlumat yayıb.

AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən verilən məlumata görə, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.

“Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər”, – məlumatda bildirilib.

Qeyd edək ki, İdris Abbasov bir neçə saat öncə sosial şəbəkə hesabında status paylaşaraq təcili tibbi yardım maşınında gözlədiyi halda xəstəxanada yer olmadığını bildirmişdi.

 

 

Gununsesi.org