Körpə oğlunu öldürən ananı cinayətə sürükləyən sirr…..

  • By admin
  • 13 Oktyabr 2016 19:58

qetl

 

Azərbaycanda bəzi dini sektalar insanları psixotrop dərmanların köməyi ilə tora salır

HTML tutorial

Dəyanət Rzayev: Belə hadisələr yaşanan zaman şəxsin ruhi xəstə olduğunu deyib onu xəstəxanaya göndərə bilmərik» İlham İsmayıl: «Belə dini cərəyanlar böyük təhlükə deyil, amma onları nəzarət alında saxlamaq lazımdır»

Oktyabrın 12-də Bakıda dini təriqət üzvü olan qadın 5 yaşlı oğlunu boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib. Məlumata görə, orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Məlum olub ki, uşağı xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova öldürüb. Belə ki, N.Qulubəyova “pis ruhları çıxartmaq” üçün oğlunun ağız nahiyəsinə əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Ananın bu qəddar davranışı cəmiyyətdə böyük rezonans doğurub. Azyaşlı övladını öldürən ananın ruhi xəstə olduğunu iddia edənlər çoxluq təşkil edir.

Hadisə ilə bağlı fikirlərini Bizimyol.info-ya bölüşən psixoloq Dəyanət Rzayev Bpsixoloqun iştirakı ilə ekspertiza təşkil olunub, həmin qadının hadisə zamanı anlaqlı, yoxsa anlaqsız olduğu müəyyənləşdirilməlidir: “Hesab edirəm ki, bütün dini cərəyanlarda, təriqətlərdə əgər dini fanatizm varsa – kimsə kiməsə fiziki ziyan verirsə, başını kəsirsə, artıq normal deyil. Bir tərəfdən dinlərə bəraət qazandırırıq ki, bu dində bu yoxdur. Necə yəni yoxdur? Xristianlığa aid kitablarda da var və s. Ancaq hər hansı bir təriqət özünü digərindən üstün tutanda, özünü haqlı hesab edəndə, insanları ora cəlb edəndə adamlar ora şüurlu şəkildə getmir. Daha çox şüuraltı qurulmuş proqram əsasında gedir. Müəyyən bir metodlar var. Psixotrop preparatlardan istifadə etməklə belə, insanları təriqətlərə cəlb edirlər. Bu sirr deyil.

Müəyyən rituallardan istifadə etməklə də insanları cəlb edirlər. Təbii ki, nəticədə də belə ağır hadisələr yaşanır. Fikrimcə, belə hadisələr yaşanan zaman şəxsin ruhi xəstə olduğunu deyib onu xəstəxanaya göndərə bilmərik. Onu cəzalandırmaq lazımdır”.

“Ola bilər ki, ruhi xəstə olsun, ən təhlükəli eşitmə hallusinasiyaları olsun, paranoid şizofreniyadan əziyyət çəksin. Ancaq təriqətlərə qoşulan şəxslərin hamısı belə deyil. Fikrimcə, dinin interpretasiyası zamana və məkana uyğun olmalıdır. Din özü ümumilikdə yenilənməlidir” – deyə D.Rzayev bildirib.

Bununla bağlı Aile.lent.az-a açıqlama verən Psixologiya və Konsultasiya Mərkəzinin psixiatrı, psixoterapevt Orxan Fərəclinin sözlərinə görə, bu, ruhi xəstələrdə, xüsusən şizofreniyalı xəstələrdə çox görülən bir haldır: “Belə xəstələr xüsusən də doğmaları haqda fikirləşirlər ki, onlar əziyyət çəkir, hər hansı sağalmayan xəstəlikləri var, ən yaxşısı onu öldürüb bu əzabdan xilas edim. Buna bənzər bir hadisə yaxın günlərdə Yaponiyada baş vermişdi. Qocalar evinin keçmiş işçisi oranın 17 sakinini öldürmüşdü. Böyük ehtimalla eyni cür fikirləşib ki, onları öldürməklə əslində yaxşılıq edir, əzabdan qurtarır. Amma yenə də tək bir faktla demək olmaz ki, bu adam ruhi xəstədir, yaxud şizofrenikdir. Eləcə də 5 yaşlı oğlunu öldürən ananın ruhi xəstə olduğunu dəqiq iddia etmək çətindir. Bu, məhkəmə psixiatriya ekspertizasının həll etməli olduğu məsələdir. Bundan başqa qadının ruhi problemi olmasından daha çox materialda qeyd olunduğu kimi, hansısa təriqətin üzvüdür. Bu təriqətin daxilində belə qaydaların olub-olmaması da təriqəti bilənlər tərəfindən araşdırılmalıdır. Yəni dəqiq araşdırılmalıdır ki, ana bu cinayəti ruhi xəstə olduğu, yoxsa təriqət qanunları tələb etdiyi üçün törədib”.

Bəs belə təhlükəli dini sektalar Azəraycana necə ayaq açır? 

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Bizimyol.info-ya açıqlamasında bildirdi ki, təhlükəli dini təriqətlər Azərbaycanda yeni məsələ deyil: “Azərbaycan müstəqillik əldə etdikdən sonra bura bir çox dini təriqətlər ayaq açmağa başladı. Onların sırasında xristian dini ilə bağlı olan təriqətlər – ateistlərin 7 günü, provaslav, katolik yönümlü təriqətlər də var. Bu təriqətlərin ölkədə fəaliyyət göstərməsini dünya qanunları tələb edir. Əgər belə bir fəaliyyət başlayıbsa, bu dini azadlıq, vicdan məsələsi sayılır. Onların gəlməsi qanunsuzluq deyil. Sadəcə olaraq onların fəaliyyəti nəzarət altında olmalıdır ki, əməlində, fəaliyyətində hər hansı qanunsuzluq varmı. Buna da kifayət qədər nəzarət olunub. Bildiyim qədəri ilə onların konkret yerləri var. Yığışırlar, söhbət edirlər. Ən zərərli tərəf isə İslam dinindən insanları döndərib məsələn, xristianlığın bir təriqətini qəbul etməyə yönələn məsələlər idi. Bununla əlaqədar maddiyyatdan istifadə edirdilər. Bunun qarşısı müəyyən qədər alındı”.

İ.İsmayıl təəssüflənir ki, həmin təriqətlərə nəzarət mexanizmi sona qədər işləməyib: “Çünki nəticə olaraq insana fərd olaraq gələn zərərlərin təbliği gedib. Sonuncu baş verən hadisə məsələn, insan bədənindən nəyinsə çıxarılması kimi. Bunlar sonda bilirsiniz nəyə gətirib çıxarır? Bəzi təriqətlər var idi ki, gedib quyular qazırdılar və ora yığışıb şeytanı məhv edəcəklərini deyib, dünyadan əl çəkərək elə fəaliyyət göstərirdilər. Başqalarına da fiziki zərər gəlirdi. Bu məsələlərlə dini işlər üzrə komitə ciddi məşğul olmalıdır. Fikirləşmək lazım deyil, hansısa təşkilat mənə deyəcək ki sən vicdan azadlığını pozursan. Ona əsaslandırıb ortalığa çıxarmaq lazımdır ki, bu vicdan azadlığı dediyiniz məsələ həm fərd olaraq, həm də cəmiyyət olaraq hansı fəlakətlərə gətirib çıxaracaq. Bu məsələ böyük təhlükə deyil, ancaq nəzarətsiz də buraxmaq olmaz”.

 

Gununsesi.info