Körpələrinizə qətiyyən bu qidanı yedirməyin- VALİDEYNLƏRİN NƏZƏRİNƏ

Körpələrinizə qətiyyən bu qidanı yedirməyin

Türkiyədə “Laktamil” uşaq qidalarında salmonella bakteriyasının aşkarlanması böyük həyəcan yaradıb. Məlum olub ki, bu uşaq qidasının istehsalçısı Fransanın “Lactalis Group” şirkəti öz məhsullarını 83 ölkəyə ixrac edib. Məlumat yayılandan bugünədək Azərbaycanda da narahatlıq yaşanır. Xüsusilə də, gənc anaları və əlbəttə ki, pediatrları düşündürən bu məhsulların ölkəmizə idxal edilib-edilməməsidir. Amma Qida Təhlükəsizliyi Agentliyinin açıqlaması narahatlığa əsas olmadığını göstərir.

Gununsesi.info sherg.az-a bildirir ki, beynəlxalq mediada yayılan xəbərlərə əsasən, dünyada üçüncü süd məhsulları istehsalçısı olan Fransanın süd konserni “Lactalis Group”un Kraon zavodunda istehsal olunmuş bütün quru süd və əlaqəli süd məmulatları geri götürüləcək. Bu qərar Fransanın İqtisadiyyat naziri Bruno Le Mer və konsernin baş direktoru Emmanuel Benye arasında danışıqlardan sonra verilib.
Qida Təhlükəsizliyi Agentliyindən Medicina.az-a verilən məlumata görə isə, “Lactalis Group” Beynəlxalq Fransa şirkətinin Azərbaycandakı təmsilçisi 2011-ci ildən fəaliyyətdə olan “Lactalis Caspi” MMC şirkətidir.

Qida Təhlükəsizliyi Agentliyi yaranmış vəziyyətlə əlaqədar Dövlət Gömrük Komitəsi, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyi və Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə birlikdə ölkəyə “Lactalis Group”a məxsus hansı çeşiddə və sayda qida məhsullarının idxal olması ilə bağlı araşdırmalara başlayıb: “Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyindən Qida Təhlükəsizliyi Agentliyinə verilən məlumata görə, müvafiq quruma “Lactalis” nişanlı uşaq qidalarının dövlət gigiyena qeydiyyatına alınması ilə əlaqədar hər hansı bir müraciət olmayıb. Dövlət Baytarlıq Nəzarəti Xidmətindən quruma verilən məlumata görə, 2017-ci il ərzində adıçəkilən şirkətin “Picot”, “Milumel” və “Celia” uşaq qidaları və digər süd məhsulları ölkəmizə idxal edilməyib, bu şirkətə məxsus başqa nişanlı süd məhsulları idxal edilib ki, onlardan da götürülən nümunələrin qida üçün yararlı olduğu müəyyən edilib.

Bundan əlavə, “Lactalis Group”un Azərbaycandakı nümayəndəliyi “Lactalis Caspi” MMC-nin təmsilçilərinin Qida Təhlükəsizliyi Agentliyinə verdiyi məlumata görə, “Celia” nişanlı qida məhsulları əvvəlki illərdə ölkəyə idxal edilib, lakin 2013-cü ildən etibarən bu məhsulun idxalı dayandırılıb. Hazırda beynəlxalq şirkətə məxsus digər süd məhsulları idxal edilir”.

Agentliyin məlumatında qeyd edilir ki, aparılmış araşdırmaların nəticəsi olaraq beynəlxalq mətbuatda salmonella bakteriyasının tapıldığı güman edilən və satışdan götürülən “Lactalis Group”a məxsus “Picot”, “Milumel” və “Celia” nişanlı uşaq qidaları və digər süd məhsullarının ölkəyə idxal edilmədiyi, bu səbəbdən də narahatlığa əsas olmadığı müəyyən edilib. İstehlakçıların satış nöqtələri, ticarət obyektlərində adıçəkilən qida məhsullarına rast gəldikləri halda Qida Təhlükəsizliyi Agentliyinin (012) 565-12-72 və ya (012) 565-12-82 nömrələrinə məlumat vermələri xahiş olunur.

Qida Təhlükəsizliyi Agentliyi narahatlığa əsas olmadığını bildirsə də, analar yenə ehtiyatlanır. Fransanın tanınmış uşaq qidası istehsalçısı şirkətin məhsullarında bakteriya aşkarlanırsa, bəs hansı qidalara etibar etmək olar? Məlumdur ki, hazırda paytaxtımızın əksər satış mərkəzlərində çox geniş çeşiddə süni uşaq qidaları, qida əlavələri satılır. Ana südü ilə qidalanan körpələrin sayı da azdır. Əksər hallarda körpələrə ana südü əvəzləyicisi kimi süni qidalar verilir. Bunları nəzərə alanda narahatlığın heç də əsassız olmadığı görünür.

Məsələ ilə bağlı “Şərq”ə danışan pediatr Vaqif Qarayev bildirdi ki, salmonella bakteriyası körpələrin orqanizmində ağır fəsadlar yarada bilər:

– Salmonella çox təhlükəli bakteriyadır və mədə-bağırsaq pozğunluğu ilə nəticələnir. Mən heç arzulamazdım ki, bu bakteriyanın aşkarlandığı uşaq qidaları ölkəmizə idxal edilmiş olsun. Qida Təhlükəsizliyi Agentliyi bildirirsə ki, bu qidalar ölkəmizə idxal olunmayıb, deməli, arxayınlaşmaq üçün artıq əsas var. Ümumiyyətlə, qida ilə bağlı ölkəyə daxil olan hər bir məhsul gömrükdəcə ciddi şəkildə yoxlanılmalıdır. Çünki əgər keyfiyyətsiz, zərərli məhsul ölkə sərhədləri daxilinə keçəcəksə, onu marketlərdən toplamaq çətin olacaq. Hər bir məhsul ölkəyə daxil olmamış yoxlanmalıdır. İstər uşaq qidaları olsun, istərsə də bütün digər qida məhsulları, hər birindən nümunələr alınıb analizə göndərilməlidir. Türkiyə kimi bir ölkədə uşaq qidasında salmonella bakteriyası aşkarlanırsa, bu, artıq ciddi məsələdir. Bizim əlaqədar strukturlar da diqqətli olmalı və ciddi yoxlamalar həyata keçirməlidirlər.

Qaldı ki anaların uşaq qidası seçməkdə çətinlik çəkməsinə, bu, həqiqətən də böyük problemdir. Əgər biz anaların maarifləndirilməsini istəyiriksə, məsələni düzgün tərəfdən izah etməliyik. Birincisi budur ki, körpə üçün ən təbii və zəruri qida ana südüdür. Ana südünü heç bir qida əvəz edə bilməz. Əgər körpənin normal böyüməsini, düzgün inkişaf etməsini, immunitetinin möhkəm olmasını arzu ediriksə, körpəni ana südü ilə qidalandırmalıyıq. Ana südü sıradan bir qida deyil. Körpə ilə ana arasında bağlılıq yaradan qidadır. Ana südü ilə böyümüş uşaqlar ailələrinə, anaya sıx bağlı olur. Körpəni əmizdirməyin ana üçün o qədər üstünlükləri var ki!.. Körpəsini əmizdirən qadınlar arasında onkoloji xəstəliklərə çox az rast gəlinir. Yəni, körpənin ana südü ilə qidalanması həm körpə üçün, həm də ana üçün əvəzsiz nemətdir. İkincisi, həkimlər süni qidanın nə zaman təyin olunmasını düzgün müəyyənləşdirməlidir. İlk doğuşdan sonra bəzən ananın 1 gün və ya bir neçə gün südü olmur. Amma bu o demək deyil ki, süd verməkdən birdəfəlik əl çəkib, körpəni süni qidaya alışdırmaq lazımdır. Bu vəziyyət qadının orqanizmindən də asılıdır.

Elə qadın var, ilk gündən etibarən südü olur, eləsi də var, bir neçə gün südü olmur, lakin körpəni əmizdirməyə davam etdikcə, stimulyasiya prosesi gedir və süd gəlir. Körpəni əmizdirməkdən heç vaxt vaz keçilməməlidir. Körpəyə süni qidanın təyini yalnız tibbi personal tərəfindən, artıq başqa çıxış yolu, alternativ variant olmadıqda mümkündür. Soruşurlar, hansı qida yaxşıdır? Lap 10 ədəd müxtəlif şirkətlərin, firmaların məhsulu olsun, hamısını yan-yana qoysan, görəcəksən ki, 10-nun da üzərində eyni sözlər yazılıb. Hər firma öz məhsulunu tərifləyir, reklam edir. Bütün uşaq qidalarının tərkibi eynidir. Sadəcə, baxmaq lazımdır ki, körpə bu qidaların hansını yaxşı qəbul edir. Uşaqda qəbizlik yaranmır ki, yaxud, allergik reaksiya vermir.

Çünki bəzi qida qarışıqlarının tərkibində xüsusən qəbizlik və allergiya əleyhinə komponentlər olur. Körpənin qidanı necə qəbul etməsindən asılı olaraq, qida dəyişdirilə bilər. Bunu da körpənin həkimi təyin etsə yaxşıdır. Amma konkret olaraq hansısa uşaq qidası ilə bağlı “bu, əladır” demək düzgün deyil. Ən əla qida yalnız ana südüdür. Ana südünün bol olması üçün də müxtəlif vasitələr mövcuddur. Körpə dünyaya gətirməyə hazırlaşan qadınlar gərək ciddi surətdə maariflənsinlər.

Gununsesi.info 

COMMENTS