
Bu gün ölkə əhalisinin əsas problemlərindən biri də vaxtı keçmiş kreditlərlə bağlıdır. Belə ki, bəzən banklarla müştərilər arasında yaranmış böhranlı vəziyyətlər ikinci kateqoriyanın nümayəndələrinin intihar etməsinə gətirib çıxarır. İndiyədək onlarla belə hal yaşanıb. Lakin bütün bunlara baxmayaraq, rəsmi qurumlar hər hansı vəziyyətin yüngülləşməsi istiqamətində addım atmırlar. Bəzən isə ağıllı vətəndaşlar belə vəziyyətdən çıxmaq üçün özlərini rəsmən müflis olmuş göstərirlər.
SOCAR-ın əməkdaşı Rza Mehdiyev də bankların girdabında çabalayanlardandır.
Gununsesi.info-nun xəbərinə görə, bu haqda sosial şəbəkədəki səhifəsində yazan R.Mehdiyev bildirib ki, aylıq əməkhaqqı 780 AZN-dir. Eyni zamanda, 4 banka kredit borcu var: “Kreditlərdən biri avtomatik olaraq hər ay maaş kartımdan 360 AZN çıxarır. Digərini isə ödəyirəm. Yerdə qalan pul himayəmdə olan iki ailə üzvümlə mənə çətinliklə çatır. Digər 2 krediti ödəməyə imkanım qalmır. Banklarsa məni məhkəməyə verərək hədələyirlər. Hətta icraçılar belə, zəng edib həbs olunacağımı deyirlər. Mən özümü müflis elan edə bilərəm və bunun üçün nə etməliyəm? Bir də əgər mən müflis elan olunsam, gələcəkdə ölkədən kənara çıxmaqda problem yarana bilərmi? Məhkəmələrdən borcu qaytarma imkanım olana kimi vaxt istəyirəm. Yəni banklardan biri maaşımdan onsuz da 360 AZN tutur. Bu 2018-ci ilin yanvar ayınadək davam edəcək, həmin vaxtadək bankın və məhkəmənin məndən heç nə tələb etməməsini istəyirəm. Bu mümkündürmü?”
Tanınmış vəkil Bəhruz Bayramov məsələyə münasibət bildirərkən qeyd edib ki, əməkhaqqından tutulma ilə bank hesabından silinmə ayrı-ayrı anlayışlardır: “Tutulma əmək mübasibətləri zəminində icra sənədi əsasında aparılır, silinmə isə bankla müştəri arasında kredit müqaviləsində göstərilən hallarda müştərinin (borclu) həmin bankdakı bank hesabından razılaşdırlmış miqdarda silinməklə həyata keçirilir”.
O bildirib ki, məhkəmələr “sərbəst” olduqları üçün bu iddiaları rədd edəcəklər: “Gərək 100 000 nəfər belə iddia qaldıra ki, vəlvələyə düşən olsun. Rza Mehdiyevin banklara olan borcuyla bağlı əməkhaqqından və ona bərabər sayılan digər gəlirdən icra haqqında Qanunun 65-ci maddəsinə əsasən 50 faizdən cox tutqu aparılmasına yol verilmir. Əməkhaqqından tutulmalar (gəlir vergisi, həmkarlar və s.) çıxandan sonra yerdə qalan məbləğin 50%-nin tutulması mümkündür. Borcla bağlı bir neçə icra sənədi icra məmurunun icraatında olduqda o, icra haqqında Qanunun 54.2-ci maddəsinə əsasən növbə ardıcıllığına riayət etməklə borclunun iş yerinə göndərə bilər. İş yerinin mühasibatlığı isə 50 faizdən çox tutqu apara bilməz”.
B.Bayramovun sözlərinə görə, qanunun bu tələbinə icra məmuru riayət etməmişdirsə, şöbə rəisinə və ya Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə müraciət edilməsi məqsədəuyğundur: “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 1-ci bəndinə əsasən əməkhaqqından müvafiq məbləğlər, bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə, yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər. Maddənin 6-cı maddəsinə əsasən, işçinin ərizəsində göstərdiyi məbləğdə və müddətlərdə əməkhaqqının müvafiq hissəsi kommunal xərclərin, bankdan aldığı ssudaların, kreditlərin və digər şəxsi borclarının ödənilməsi üçün tutularaq kreditorlara göndərilə bilər. İşçi belə ərizə ilə işəgötürənə müraciət etməyibsə, onun kreditorlarının tələbi ilə işçinin borcları əməkhaqqından tutula bilməz”.
Vəkil qeyd edib ki, məcəllənin 176-cı maddəsinin 1-ci bəndinə görə, hər dəfə əməkhaqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əməkhaqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz: “Həmin maddənin 2-ci bəndinə əsasən əməkhaqqından bir neçə icra sənədinə əsasən məbləğlər tutularkən, bütün hallarda işçinin əməkhaqqının əlli faizi saxlanmalıdır. İcra haqqında Azərbaycan Respublikası Qanununun 63.1.3-cü maddəsinə əsasən tələbin tam ödənilməsi üçün borclunun əmlakı olmadıqda və ya onun əmlakı kifayət etmədikdə, tələbin borclunun əməkhaqqına və digər gəlirlərinə yönəldilməsinə yol verilir. Həmin Qanunun 65.1-ci maddəsinə əsasən icra sənədi icra edilərkən borclunun əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Həmin maddənin 65.2-ci maddəsinə görə tələb, bir neçə icra sənədi üzrə borclunun əməkhaqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Qanunun 65.3-cü maddəsinə əsasən alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əməkhaqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz”.
Gülnaz Qənbərli
Gununsesi.info