
Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsini 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan manat əmanətlərinin faiz tavanını 15%-ə qaldırması bankları qaydaları pozmağa sövq edir. Belə ki, bahalı resurs cəlb edən banklar kredit faizlərini də artırmalı olub. Halbuki Mərkəzi Bankın tövsiyyəsinə əsasən, mikro və istehlak kreditlərinə maksimum tavan 26-29 faizdən yüksək ola bilməz. Lakin uçot dərəcəsinin artması kredit təşkilatlarını sözügedən tavanı gözləmə imkan vermir. Artıq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-əqədər yüksəlib.
İqtisadiyyatın ucuz kapitala ehtiyacı olduğu bir dönəmdə bahalı kreditlər hansı nəticələr yarada bilər?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin eksperti Rəşad Həsənov Gununsesi.info-ya verdiyi şərhində bildirdi ki, 2014-cü ilin sonundan etibarən hökumətin ortaya qoyduğu mövqe daha çox pul kütləsinin daraldılmasına hədəflənib: “Hökumət bununla manatın məzənnəsinin sabit saxlanmasına cəhd kimi görünür. Əslində, dünya praktikasında böhrandan çıxış yollarına dair daha çox yayılanmetodlardan biri iqtisadiyyatı nağd pul kütləsi ilə dəstəklənməsidir. Bununla iqtisadi aktivliyi artırırlar. Azərbaycanda bunun əksinə metod seçildi və nəticəsi göz önündədir. İqtisadi aktivlik aşağı düşdü, eyni zamanda kredit qoyuluşunun dayandığını deyə bilərik. Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə iqtisadiyyata yönəldilən kreditlər ölkənin tələbatına uyğun deyil”.
R.Həsənov vurğulayır ki, bu gün banklar kredit verməkdən çəkinir: “Birincisi, sağlam müştəri kontingenti məhdudlaşıb. Ikincisi, kredit yığımında problemlər yaşandığı üçün bankların özləri bunda maraqlı deyil. Nəhayət, kredit faizlərinə tətbiq olunan 29 faizlik tavan da buna mane olur. Devalvasiyadan sonra banklar vəsaitləri kreditə yönəltməkdən çox dövlət istiqrazlarını almaqda maraqlıdırlar. Uçot dərəcələrinin artımı da kredit deyil, məhz məzənnə siyasətinə, inflyasiyanı cilovlanmağa hədəflənib”.
İqtisadçıya görə, maliyyə təşkilatlarının əsas ilkin kapitala əlçatanlığında problemlər var: “Bu isə böhranı dərinləşdirə biləcək faktorlardan biridir. Kreditləşmənin dayanması bank sektoruna da mənfi təsir göstərir. Çünki əvvəllər bank gəlrilərinin hər 100 manatın 74 manatı kreditlərdən əldə olunan gəlirlərdir. Hətta bunun müqabilində 8-12 bank zərərlə çıxırdı. 2015-2016-ci ilin nəticələri ictimailəşərsə, görərik ki, indi bankların əksəriyyətinin zərəri daha böyükdür. Bu fonda yanaşdıqda, görürük ki, hökumət yalnız bir istiqaməti tutub gedir, amma digər sahələr unudulub”.
Ekspertə görə, tavanın pozulması gözləniləndir: “Çünki bu gün uçot dərəcələrini 15 faizə qaldırıb, tavanı 29 faizdə saxlamaq o deməkdir ki, kredit verməyin. Yəni banka çıxış yolu qoymur. Xüsusilə, manatla olan kreditlər daha da bahalaşacaq. Çünki resursların böyük hissəsi xarici valyutada alınan vəsaitlərdir. İndi bahalı kreditə heç bir biznes strukturuna maraqlı olmayacaq. Bu isə növbəti dövrlər üçün onların fəaliyyətinin daralmasına və iqtisadi durğunluğa səbəb olacaq”.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info












