Kreml Ukrayna ərazisində qurama referendum keçirir

  • By admin
  • 23 Sentyabr 2022 15:57

Moskva səsvermə keçirilən ərazilərdən 1.6 milyonadək ukraynalını Rusiyaya deportasiya edib. Rusiya vətəndaşları isə Ukrayna ərazisinə daşınıb

Sentyabrın 23-də Rusiyanın Ukraynanın işğal etdiyi dörd ərazisinə təyin etdiyi administrasiyalar bu vilayətlərin Rusiyaya birləşdirilməsi üçün qondarma referendumlar keçirməyə başlayıblar.

Moskvanın məqsədi həmin əraziləri ilhaq etməkdir.

Luhansk, Donetsk, Xerson və Zaporojye vilayətlərindəki Rusiyanın dəstəklədiyi administrasiyalar beynəlxalq hüquq və BMT xartiyalarına zidd olaraq səsvermə təyin ediblər.

Ukrayna Prezidenti Volodimir Zelenski gecə müraciətində səsverməni qurama və qeyri-demokratik adlandırıb.

BMT arxivindəki xəritələrdə Zəngəzur necə göstərilir?

Putinin planı

Sözügedən ərazilərdə səsvermə olacağı sentyabrın 20-də açıqlanıb, ayın 23-dən 27-cən anneksiya üzrə referendum keçiriləcəyi bildirilir. Ukrayna və Qərb ölkələri səsverməni qanunsuz sayacaqlarını deyiblər.

Son bir neçə həftədə Ukrayna ordusu həmin vilayətlərdə əkshücuma keçərək böyük ərazilərə nəzarətini bərpa edib.

Qərb rəsmiləri və ekspertləri deyirlər ki, Rusiya Prezidenti Vladimir Putin bu saxta referendumdan yararlanaraq Ukraynanın Rusiya ərazisini işğal etdiyini iddia etmək, daha sonra özünümüdafiə üçün nüvə silahından istifadəylə hədələmək istəyir. Bu isə Kiyevi və onu dəstəkləyən Qərb ölkələrini əlavə hərbi əməliyyatlardan çəkindirmək niyyəti güdür.

Putin bir neçə gün öncə səfərbərlik elan edəndə deyib ki, ölkənin ərazi bütövlüyünü qorumaq üçün bütün silah sistemlərinə əl atacaq.

Moskva səsvermə keçirilən ərazilərdən 1.6 milyonadək ukraynalını Rusiyaya deportasiya edib. Rusiya vətəndaşları isə Ukrayna ərazisinə daşınıb. Həmin dörd vilayətdən olan, Rusiyada yaşayan ukraynalılar səs verə biləcək.