
Rusiya Prezidentinin Mətbuat katibi Dmitri Peskov siyasətçi Aleksey Navalnının yaxın zamanda Rusiyaya mümkün qayıdışını şərh edib.
Gununsesi.info “Qazeta.ru”ya istinadən xəbər verir ki, Peskov hər bir Rusiya vətəndaşının ölkəni tərk edib geri qayıda biləcəyini bildirib.
Kremlin sözçüsü Omsk həkimlərinin siyasətçinin həyatını xilas etdiyini qeyd edərək bildirib ki, əgər Berlin mütəxəssisləri onun səhhətini əlavə olaraq yaxşılaşdırıblarsa, buna hər kəs şad olar: “Rusiya Federasiyası vətəndaşının sağlamlığı yaxşılaşarsa, təbii ki, hər kəs buna şad olacaq”.
O, düzgün məlumat verilmədiyi üçün Kremlin Navalnının vəziyyətindəki dəyişiklikləri izləyə bilməməsindən də təəssüfləndiyini sözlərinə əlavə edib.
Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” klinikasına köçürülmüşdü.
Sentyabrın 3-də Almaniya hökuməti Aleksey Navalnının səhhəti ilə bağlı rəsmi mətbuat açıqlaması yaymışdı. Bəyanatda rus siyasətçinin tərkibinə görə “Noviçok” qrupuna aid olan sinir iflicedici maddə ilə zəhərləndiyi qeyd olunmuşdu.
Gununsesi.info