KTMT baş katibi Ermənistan-Azərbaycan sərhədindən DANIŞDI

  • By admin
  • 09 Fevral 2022 13:08

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Stanislav Zas Ermənistan və Azərbaycan arasında Cənubi Qafqazda sülhün bərqərar olması perspektivlərindən danışıb.

Gununsesi.info xəbər verir ki, “Valday” Beynəlxalq Diskussiya Klubunun tərkibində “Yeni dövrdə kollektiv təhlükəsizlik: KTMT-nin təcrübəsi və perspektivləri” adlı konfransda çıxış edən Zas nizamlanma ilə bağlı müəyyən ehtiyatlı nikbinliyin olduğunu vurğulayıb.

O qeyd edib ki, Ermənistan, Rusiya və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı imzalandıqdan və Rusiya sülhməramlılarının Qarabağa daxil olmasından sonra vəziyyət sabitləşib, qan tökülməsi dayanıb.

“Təbii ki, gərginlik ocaqları var və onlar Ermənistan-Azərbaycan sərhədindədir. Mən orada olmuşam, orada baş verənləri öz gözlərimlə görmüşəm. Amma əslində elə bir sərhəd yoxdur, xətt var: təmas, istehkamlar, müşahidə məntəqələri… Vaxtaşırı atışmalar olur. Belə olmamalıdır”.

Baş katibin sözlərinə görə, indi tərəflər qarşısında sərhədin delimitasiyası və demarkasiyası kimi ciddi vəzifə durur, bu, böyük və mürəkkəb işdir:

“Lakin çətin olmasına baxmayaraq, bu proseslər regionun təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Bütün bir müharibə dövrünün bitdiyi və başqa bir eranın başladığı ilə bağlı ehtiyatlı nikbinlik var. Bu cür nikbinlik baxımından səhv edə bilərəm, amma hər halda, sülhün bərqərar olması üçün indi atılan addımları alqışlamalıyıq”.

Gununsesi.info