Külə dönən Kişilər -LƏMAN ƏLƏŞRƏFQIZI QARAKƏND FACİƏSİNDƏN YAZIR

  • By admin
  • 20 Noyabr 2016 16:00

leman

 

“Facebook”da iş yeri kimi BDU-nin fizika fakültəsini göstərən bir xanım başqa bir xanımdan soruşur ki, 20 noyabr faciəsi nədir? Məncə bu bizim ikiqat faciəmizdir.

Bəli, 20 noyabr helikopter qəzasından 25 il ötdü. Biz hələ bu faciənin mahiyyətini özümüzünkülərə düz-əməlli qandıra bilməmişik, dünyaya haqlı olduğumuzu necə  sübut etməyə çalışırıq, bilmirəm. Ona görə də, dünya düz 25 ildir ki, gözümüzə kül üfürür. Helikopterdə yanıb kösöv olanların külünü!

Cəmi iki həftə əvvəl yəni noyabrın 7-də Bakıda Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan  və Ermənistan nümayəndələrinin iştirakı ilə görüş keçirilmişdi. Görüşün mahiyyyəti və xarakteri 25 il əvvəl də bu günkü kimi dodaq qaçırırdı. Çünki eyni masa arxasında toplaşan dövlətlərin rəsmiləri Dağlıq Qarabağda hansı xalqın sıxışdırıldığını müəyyən etməyə çalışırdılar. Yəni, AZərbaycan tərəfinin arqumentləri indiki kimi onda da yetərli sayılmırdı. Noyabrın 20-da Xankəndinə getmək təşəbbüsü də bu görüşdə razılaşdırılmışdı. Və nümayəndələr hər şeyi öz gözləri ilə görmək istəyirdilər. Azərbaybaycan tərəfini say-seçmə adamlar təmsil edirdi. Onlar əvvəlcə Ağdama, sonra isə Xankəndinə uçurlar. Amma Xocavənd rayonunun Qarakənd  kəndi üzərində helikopter vurulur. Təfərrüatınıl bilirsiz. O helikopterin içindəkilər kimlər idi, onları da məndən yaxşı tanıyırsız. Təkcə bir cümlə ilə onları belə ifadə etmək olar. Azərbaycan üçün sözün əsl mənasında  yanan adamlar idi onlar və aqibətləri də fərqli olmadı.

Bu yazını bir gün əvvəl yazmaq istəyirdim. Noyabrın 19-u Beynəlxalq Kişilər günündə. Amma bir həmkarım məndən fərasətli çıxıb gündəmi zəbt edən bir yazı yazdı və o yazıda müasir Azərbaycan kişisinin poertretini cızdı. Heç xoşagələn portret deyildi açığı! Amma neynəsin zavallı qızcığaz, onun da öz arqumentləri vardı.  Bu gün Azərbaycan kişisi  qalib kişi deyil. O torpağını uduzub, bu yaxınlarda 30 ili tamam olacaq məğlubiyyətinin. Doğulduğu yurda, ata yurduna ana məzarənı ziyarətə gedə bilmir Azərbaycan kişisi. Getsə də aqibəti Şahbazın, Dilqəmin, Həsənin aqibəti kimi olur. Girovluqda qalanların xilası da gözümüzə kül üfürən dünyanın əlindədir, Azərbaycan kişisinin yox. Azərbaycan kişisinin mənəvi cəhətdən tükənməsi də bü məglubiyyətdən qaynaqlanır zənnimcə. Yoxsa, anası-bacısı erməni əsirliyində olan oğullar niyə öz millətinin qızına, gəlininə sataşsın ki?!  Niyə qısa ətək görəndə qısaqapanma halı baş verməlidir Azərbaycan kişisinin davranışlarında? Məsələni konteksdən çıxartmaq istəməzdim əslində. Demək istədiyim o ki, Məhəmməd Əsədovlar,  İsmət Qayıbovlar, Tofiq İsmayıllovlar da bu millətin oğulları idi. AZərbaycan Kişisi adını haqq edən Oğullar! Məsələn, Məhəmməd Əsədov mənim yaddaşımda uğurlu Çaykənd əməliyyatı ilə qalıb.  Münaqişənin ilk illərində onun daxili işlər naziri kimi Azərbaycanın Ermənistanla sərhəd rayonlarına səfərlərini dövlət televiziyası demək olar ki, hər gün göstəriridi.  Adam nazirdən çox əsgər idi! Adam dövlət müşavirindən çox dövlət təəssübkeşi idi! Və yaxud, İsmət Qayıbov.Nadir halda bu adı kişilərə qoyarlar,  çünki, ismətli olmaq qadınlara xas xüsusiyyətdir. Amma İsmət Qayıbovun   yüksək keyfiyyətləri elə adından başlayırdı deyə bilərik. Necə mədəni, necə aristokrat, necə mərd xüsusiyyətləri vardı. Eləcə də Tofiq İsmayılov, Zülfü Hacıyev, Vəli Məmmədov, Vaqif Cəfərov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüzeynzadə.  Sonuncular həm də həmkarlarımız idi.

Bu yazını  burda onların ruhuna rəhmət diləməklə də yekunlaşdırmaq olardı. Əgər bu gün həm də Azərbaycan kişisi adını haqq edən  Əbdürrəhman Fətəlibəyli Düdənginskinin qətlə yetirildiyi gün olmasaydı. Azərbaycan legionerlərininkomandiri, Azadlıq radiosunun və Azərbaycan jurnalının  baş redaktoru olan Düdənginski 1954-cü ilin məhz  bu günü amansızlıqla qətlə yetirilib. Onu öldürən  də Azərbaycan kişisiydi. O tarixə Düdənginskinin  başına çəkiclə vurub, sonra da pencəyini salıb boğmaqla namərdcəsinə öldürən  Mikayıl İsmayılov kimi düşdü. Düdənginski isə adını əbədiyyətə yazan şəxsiyyətdir. Mikadan başqa hamısının ruhu şad olsun!

qarakend2

q1

qar

Ləman Ələşrəfqızı