Fransa prezidenti Emmanuel Makron Qərb qoşunlarının Ukraynaya göndərilməsindən danışarkən təlimlərin keçirilməsi imkanını nəzərdə tutub. Ukrayna heç vaxt Fransadan qoşun göndərməyi xahiş etməyib.
Gununsesi.info xəbər verir ki, bunu RBC-Ukraynaya xarici işlər naziri Dmitri Kuleba deyib.
“Makron Ukraynaya qoşun yeritmək barədə danışmağa başlayanda Avropa liderləri panikaya düşdü. Makron sadəcə olaraq demək istəyirdi ki, Ukrayna hərbçilərinə indi olduğu kimi onun sərhədlərindən kənarda deyil, birbaşa Ukraynada təlim keçmək imkanı var”, Kuleba bildirib.
Kuleba qeyd edib ki, Ukraynanın silah və sursata ehtiyacı var, lakin “heç vaxt insan və döyüş heyəti istəməyib”.
XİN rəhbərinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Ukraynadakı məqsədləri dəyişməz olaraq qalır – “ölkənin bütün ərazisini ələ keçirmək”.
“Əgər müvəffəq olsalar, Avropa və Mərkəzi Asiyanın digər ölkələrinə hücum edəcəklər, çünki onlar ekspansionist məqsədləri rəhbər tuturlar. Mənə elə gəlir ki, indi aydın oldu ki, Putin Sovet İttifaqını və Rusiya İmperiyasını bərpa etmək istəyir”, – nazir əlavə edib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Ukrayna ərazisinə Qərb kontingentinin daxil edilməsini istisna etməyib ki, bu da öz növbəsində Qərb ölkələri arasında müzakirəyə səbəb olub.
Bir gün əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirmişdi ki, Fransa Ukraynaya göndəriləcək hərbi kadrlar hazırlayır. Onun sözlərinə görə, ilkin mərhələdə qoşunların sayı 2 min nəfərə yaxın ola bilərdi.
Fransa Müdafiə Nazirliyi Narışkinin Parisin Ukraynaya hərbi qulluqçu göndərməyə hazırlaşdığı barədə bəyanatını “dezinformasiya” adlandırıb.
“Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinin açıqladığı məlumat Rusiyanın kütləvi dezinformasiyadan sistematik istifadəsinə daha bir nümunədir”, – Fransa Hərbi Departamentinin sosial şəbəkədə yaydığı bəyanatda deyilir.
Bundan əlavə, Kuleba bildirib ki, Çin Rusiya ilə Ukrayna arasında münaqişənin həllində əsas rol oynaya bilər.
İsveçrədə Sülh Forumunun dəqiq tarixini gözləyərkən ikitərəfli əlaqələr davam edir. “Məsələn, Rusiya ilə xüsusi münasibətlərinə görə müharibənin sona çatmasında əsas rol oynaya bilən Çinlə”, – deyə Kuleba bildirib.
Qeyd olunur ki, Çin yaxın aylarda İsveçrənin təşkil edəcəyi Ukraynadakı münaqişəyə son qoymağa yönəlmiş sülh konfransında iştirak imkanını nəzərdən keçirir.
Gununsesi.info