Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi tədricən azalıb - YENİLƏNİB-1

Kür çayının Qıraqkəsəmən məntəqəsində 27 may saat 20:00-a olan məlumata əsasən suyun səviyyəsi tədricən azalıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

***

Saat 15:03

Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov Gununsesi.info -ya bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 589 sm təşkil edir.

Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

***

14:39

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Gununsesi.info -ya verilən xəbərə görə, mayın 26-da qonşu ölkələrin ərazisində Debed çayının hövzəsinə yağan leysan yağış nəticəsində çaydan güclü sel keçib.

Debed çayı Kür çayına töküldüyü üçün, eyni zamanda qonşu Gürcüstan ərazisində Kür çayının hövzəsinə yağan leysan yağışlar nəticəsində Kür çayının Tiflis məntəqəsində səviyyənin kəskin artması ilə əlaqədar mayın 26-dan başlayaraq Kür-Qıraqkəsəmən məntəqəsində artım müşahidə olunub.

Qeydə alınan ən yüksək səviyyə 27 may saat 7:00-da 628 sm-ə çatmış, saat 9:00-dan etibarən isə çayda suyun səviyyəsi tədricən azalaraq 598 sm olub.