Kür və Araz çaylarında biogen maddələrin miqdarı normanı keçib

  • By admin
  • 13 İyul 2017 14:18

10

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin () Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə iyul ayında növbəti monitorinq həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, iyul ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyun ayının III ongünlüyünə nisbətən 117 m3/san artaraq 124 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar Şıxlı-2 məntəqəsində 3.9, Ağstafaçayda 4, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini (YVQH) keçib.

İyul ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə fenollar Araz çayı üzrə Horadizdə 2.4, I Şahsevəndə 2.6, Bəhramtəpədə isə 2 dəfə yol verilən qatılıq həddini keçib.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib.

Suyun oksigen rejimi bütün məntəqələrdə 6.4-7 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

Anar

Gununsesi.info