Kürdlərin referendumu Ankara, Tehran və Bağdada təzyiqdir - EKSPERT

  • By admin
  • 10 İyun 2017 13:07

vuqar ziferoglu

İraqda kürdlərin referendum keçirmək planı ilə Qərb 1920-ci il Sevr müqaviləsinin şərtlərini Yaxın Şərqdə uyğulamağa çalışır və bunu Türkiyəyə qəbul etdirmək istəyir.

Bunu Gununsesi.info-ya açıqlamasında Yaxın Şərq üzrə mütəxəssis Vüqar Zifəroğlu kürdlərin sentyabrın 25-nə planlaşdırdığı referendumu şərh edərkən deyib.

Onun sözlərinə görə, hal-hazırda Yaxın Şərqdə baş verən ciddi proseslərin fonunda Bərzaninin referendum açıqlaması əslində həm İranla yaxın olan rəsmi Bağdada, həm də Türkiyəyə bir təzyiqdir. “Sentyabrın 25-də referendum keçirilirsə belə, bu bölgə dövlətləri tərəfindən qəbul edilməyəcək və əksinə, Bərzaniyə münasibəti kifayət qədər isti olan rəsmi Ankaranın da ona qarşı cəbhədə yer almasına təkan verə bilər”- deyə, ekspert vurğulayıb.

V.Zifəroğlu əlavə edib ki, hazırda Qərb, 1920-ci il Sevr müqaviləsinin şərtlərini Yaxın Şərqdə uyğulamağa çalışır və bunu Türkiyəyə qəbul etdirmək istəyir: “Lakin unudulur ki, 21-ci əsrin əvvəllərində şərtlər dəyişib və hər hansı bir kürd dövlətinin yaranması, bölgə dövlətlərinin heç birinin maraqlarına cavab vermir. Heç şübhəsiz ki, belə bir addımın atılması, yeni uzunmüddətli və daha ciddi münaqişə ocağının yaranmasına gətirib çıxaracaq”.

Mürtəza

Gununsesi.info