Kuriyerlərin hüquqlarını qoruduğum üçün həbs edilmişəm - AFİYƏDDİN MƏMMƏDOV HAKİM QARŞISINA ÇIXARILDI

  • By admin
  • 13 Mart 2024 11:33

6 aydır ki,  həbsdə olan İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyasının sədri Afiyəddin Məmmədov məhkəmə qarşısına çıxarılıb.

Gununsesi.info-nun xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə ictimai fəal ittihamı rədd edib.

O, məhkəməyə ilkin ifadəsində deyib ki, onun küçədə kimisə bıçaqlaması barədə ittiham yalandır.

Afiyəddin Məmmədov işinə baxan məhkəmə tərkibinə də etiraz edib. Bildirib ki,  Səbuhi Hüseynov, Eldar İsmayılov və Cavid Hüseynovdan ibarət kollegiyanın işə obyektiv və ədalətli baxacağına inanmır. Buna səbəb kimi prosesdə video çəkilişə dair verilən vəsatətin rədd edilməsidir.

“Sizlər jurnalistlərin bu məhkəmə prosesindən, hətta bir neçə qısa görüntü götürməsinə də icazə vermədiniz. Lakin bu məhkəmə binasında başqa məhkəmə proseslərində icazə verilir. Afiyəddin Məmmədovda belə bir fikir yaranıb ki, məhkəmə onun işinə obyektiv və ədalətli baxmaq niyyətində deyil, ona görə icazə verilmir”, – vəkil Zibeydə Sadıqova etirazı əsaslandırarkən belə deyib.

Ancaq hakimlərə verilmiş etiraz baxılmamış saxlanılıb.

Məhkəmədə prokuror A.Məmmədov haqqında ittiham aktında yazılanları elan edib. Orada iddia edilir ki, A.Məmmədov ötən ilin sentyabrında Xətai rayonundakı Məhəmməd Hadi küçəsiylə gedərkən, Səfər Hüseynov adlı şəxslə toqquşduğundan, aralarında mübahisə yaranıb və bu zaman ictimai fəal cibindən bıçaq çıxararaq, S.Hüseynova xəsarət yetirib.

A.Məmmədova Cinayət Məcəlləsinin 126.2.4-cü (xuliqanlıq niyyətilə qəsdən bədənə ağır xəsarət yetirmə) və 221.3-cü (silah qismində əşyadan istifadə etməklə xuliqanlıq) maddələrilə ittiham verilib. Bu maddələrdə 11 ilədək həbs cəzası nəzərdə tutulub.

İctimai fəal ittihama münasibət bildirərkən deyib ki, özünü qətiyyən təqsirli bilmir. Onun sözlərinə görə, Məhəmməd Hadi küçəsində gedərkən onun kiminləsə mübahisə etməsi və nəticədə həmin adamı bıçaqla vurması hadisəsi ümumiyyətlə olmayıb.

A.Məmmədov siyasi sifarişlə həbs olunduğunu söyləyir və bildirir ki, işçilərin, kuryerlərin hüquqlarını qorumaqla məşğul olduğuna, ictimai fəaliyyətinə görə cəzalandırılıb.

Elmar Elnuroğlu

Gununsesi.info