Ləki-Qəbələ dəmir yolunun turizm üçün əhəmiyyəti nələrdi…

“Ləki–Qəbələ birxətli dəmir yolunun açılışı regional turizm üçün önəmli hadisədir. Azərbaycan kimi coğrafi baxımdan kiçik olan ölkələrdə qatarla səyahət çox vacibdir”.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin Regional turizmin inkişafı sektorunun müdiri Elgün Cavadov bildirib.

Onun sözlərinə görə, Ləki qatarı Şəki-Zaqatala, Qəbələ-İsmayıllı regionunun turizm potensialının  göstərilməsi, artırılması baxımından gələcəkdə önəmlidir:

“Qəbələ həm daxili, həm də gəlmə turizm baxımından Azərbaycanın əsas turizm mərkəzlərindən hesab olunur. Bu baxımdan ilin bütün mövsümlərində Qəbələ turist cəlb edən yeganə destinasiyalardan biri hesab olunur. Çünki burada həm qış turizm növləri, həm də yay turizmi üçün yetərli qədər imkanlar var. Bu gün qatarın məhz Qəbələyə çəkilməsi təsadüfi deyil və olduqca vacibdir”.

Qurum rəsmisi deyib ki, bütün dünyada baş verən pandemiya səbəbindən turizm ən çox zərər görən sahədir:

“Qəbələyə qatarla nə qədər turist gələcək, proqnozlar və bu kimi hesablamalar pandemiyanın nə qədər tez müddətdə yekunlaşmasından, sərhədlərin açılmasından asılıdır. Ona görə də statistik məlumatlarla bağlı dəqiq fikir bildirmək mümkün deyil”.

O həmçinin deyib ki, turizm sektoru sərbəst fəaliyyət sahəsi olduğundan qiymətlərə müdaxilə mümkün deyil:

“Bazar tələb və təklif əsasında öz-özünü tənzimləyir və dövlət tərəfindən müdaxilə nəzərdə tutulmayıb. Hər şey müştəri seçiminə əsaslanır”.

Gununsesi.info