Adı və dadı ilə dillər əzbəri olan Lənkəran çayının əvvəlki şöhrəti geri qayıdır. Ölkə üçün böyük strateji əhəmiyyətə və ixrac imkanlarına malik Lənkəran çayının istehsalını artırmaq məqsədi ilə əməli tədbirlərə start verilib.
Ölkə başçısı cənab İlham Əliyevin sədrliyi ilə cari ilin sentyabr ayında Lənkəranda keçirilmiş çay, çəltik və sitrus meyvə istehsalı məsələlərinə dair respublika müşavirəsində çayçılığın inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası olaraq əkilməyən torpaq sahələrində yeni çay plantasiyalarının salınması qərarlaşdırılıb.
Rayonda sahibkarlığın inkişafı üçün yaradılan əlverişli şərait çayçılığa xarici investisiyanın təşviqini də sürətləndirib. Hazırda xarici şirkətin maliyyə dəstəyi ilə rayonun Osakücə kəndində yeni çay plantasiyalarının salınmasına başlanılıb. Şirkət tərəfindən bu layihənin icrasına 17 milyon manat vəsaitin sərf olunacağı nəzərdə tutulub. Artıq bu vəsaitin 5 milyon manatı təsərrüfata yatırılıb və əkin üçün vacib maşın-mexanizmlər alınıb, müasir suvarma sistemi qurulub, sututarlar bərpa edilib, ərazidə şitillik təsərrüfatı yaradılıb, 1 milyona qədər yerli şəraitə uyğun çay şitili yetişdirilib.
Bu ilki payız əkini üçün ilkin olaraq 50 hektar istifadəsiz torpaq sahəsi əkinə hazır vəziyyətə gətirilib. Bu gün həmin sahədə ilk əkin keçirilib. Bayram əhval-ruhiyyəsi ilə keçən əkin mərasimində Lənkəran ŞİH başçısı Taleh Qaraşov, Beta şirkətinin rəhbəri Calal Uğur, keçmiş təsərrüfat rəhbərləri, çay mütəxəssisləri, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
2018-ci ildə ərazidə çay plantasiyalarının genişləndirilərək 1000 hektara çatdırılacağı və “Made in Azerbaycan” brendi ilə dünya standartları səviyyəsində çay məhsulları istehsal etməkdən ötrü modern texnologiya ilə işləyəcək yeni çay emalı fabrikinin tikiləcəyi nəzərdə tutulub.
Gununsesi.info