Lənkəran Dövlət Universitetində aprel şəhidlərinin xatirəsi anılıb - FOTOLAR

  • By admin
  • 06 Aprel 2017 09:30

unnamed

Aprel döyüşlərində qələbənin ildönümü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) tədbir keçirilib.

LDU-nin mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, əvvəlcə Aprel şəhidlərinin müqqəddəs xatirəsi tədbir iştirakçılar tərəfindən bir dəqiqəlik sukutla yad olunub.

Aprel döyüşlərində  Azərbaycan ordusunun əldə etdiyi qələbənin ildönümü  ilə əlaqədar LDU-də keçirilən tədbir vətənpərvər ruhu, mübarizlik əhval ruhiyyəsi, torpaqlarımızın düşmən tapdağından azad olunması uğrunda canını fəda etmiş şəhid eloğullarımızın xatirəsinə ehtiram və hörmət ,qələbəyə inam amalı ilə diqqətçəkən olub. Lənkəran şəhərində yerləşən N saylı hərbi hissənin əsgər və zabit heyətinin, şəhid valideynlərinin, ikinci Qarabağ savaşı veteranlarının dəvət edildiyi tədbirdə LDU-nun professor-müəllim-tələbə heyəti iştirak edib.

Tədbiri açan universitetin kafedra müdiri ,filologiya üzrə fəlsəfə doktoru Kamran Kazımov  ötən ilin Aprel döyüşlərində ordumuzun qazandığı qələbəni müasir Azərbaycan hərb tarixinin parlaq səhifəsi adlandırıb, torpaq uğrunda qurban gedən şəhidlərin qədirbilən xalqımızın, xüsusən gənc nəslin yaddaşında daim yaşayacağını, zaman-zaman xatırlanacağını bildirib.

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Əsgər Əliyevin atası Ələkbər Əliyev çıxışında şəhid ailələrinə  göstərilən diqqət və ehtiramdan danışıb.

Milli Qəhrəmanın atası ötən ilki Aprel döyüşlərində erməni tapdağından azad olunmuş torpaqları oğlunun şəhid ruhuna, özü kimi şəhid valideynlərin ürəyinə təskinlik adlandırıb və Azərbaycan bayrağının Xankəndində, Şuşada dalğalanacağı günün uzaqda olmadığını bildirib.

Universitet tələblərinin hazırladığı qələbə ruhlu musiqili-ədəbi bədii kompozisiya “Vətən marşı”nın ifası ilə başlanıb.Tələbələrdən Xaqani Bədəlov, Babək Cəfərov, Günel Babazadə, Səyyar Ağazadə və başqalarının ifa etdikləri  vətənpərvər ruhlu şer və manhılar, səhnəciklər gənc nəslin qələbəyə inamı, mübariz əhval-ruhiyyəsi, kövrəkliyi və səmimiliyi ilə diqqət çəkib. Qələbəyə çağırış ruhlu tədbir “Əsgər marşı” ilə yekunlaşıb.

Xatırladaq ki, Aprel döyüşlərində qələbənin ildönümü ilə bağlı keçirilən umumrayon tədbirində də LDU–nun tələbə və müəllim heyəti  fəal iştirak edib.

Həmçinin Lənkəran şəhərində Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə çıxış edənlər arasında LDU-nun tələbəsi Orxan Əmənov  da olub. Universitet gənclərini təmsil edən O.Əmənov çıxışında tələbələrin  milli ordumuzun  Aprel döyüşlərində qazandığı qələbədən ruhlandığını, bu döyüşlərdə həlak olmuş əsgərlərin qəhrəmanlığı ilə fəxr etdiyini, torpaqlarımızın işğaldan azad olunması naminə vuruşmağa  hər an hazır olduqlarını tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Qeyd edək ki, universitetdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində ardıcıl iş aparılır, mütəmadi olaraq rəngarəng tədbirlər keçirilir.

unnamed (2) unnamed (1) unnamed (5) unnamed (4) unnamed (3)

Gununsesi.info