Lənkəran Dövlət Universitetində yenilik - İMTAHANLARIN GEDİŞİNİ İCTİMAİ ŞURA İZLƏYƏCƏK (FOTOLAR)

  • By admin
  • 05 Yanvar 2018 13:00

Lənkəran Dövlət Universitetində bu dəfəki  payız imtahan sessiyasında ilk dəfə imtahanların  gedişini yeni yaradılan ictimai şura da izləyə biləcək.

LDU-nun mətbuat xidmətinin rəhbəri Esmira İsmayılova Gununsesi.info-ya açıqlamasında bildirib ki, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun təşəbbüsü ilə şəffaflığı və obyektivliyi təmin etmək məqsədi ilə yaradılan ictima şuraya semestr boyu imtahanların gedişini izləmək, şikayət olarsa, araşdırmada iştirak etmək səlahiyyəti verilib. Şuranın tərkibinə ictimaiyyətin müxtəlif təbəqələrinin təmsilçiləri, media nümayəndələri daxil edilib.

Məlumatda oda bildirilib ki, imzalanan müvafiq  əmrə əsasən payız semestrinin  imtahan sessiyasının əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün 04.01.2018-ci il tarixdən 01.02.2018-ci il tarixinədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün 04.01.2018-ci il tarixindən 11.01.2018-ci il tarixinədək keçirilməsi qərarlaşdırılıb.

İmtahanlararası müddət minimum iki gün, imtahanlara ayrılmış vaxt isə iki saat müəyyənləşdirilib. İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək mənfi halları operativ aradan qaldırmaq məqsədi ilə yaradılan operativ qərargah da bu gündən fəaliyyətə başlayıb.

Operativ qərərgahın əlaqə telefonları: (25-5-27-86, 25—5-24-17).

İmtahan sessiyası müddətində 1 saylı tədris binasında 214, 2 saylı tədris binasında 205-ci otaqlar Apellyasiya Komissiyası üçün ayrılıb. İmtahan nəticələri elan olunduqda tələbə aralıq qiymətləndirmənin nəticəsindən narazı olduqda həmin gün müvafiq Apelyasiya Komissiyasına ərizə ilə müraciət edərsə, rektorluğa müvafiq məlumat veriləcək və imtahan qəbul edən müəllimin, kafedra müdirinin iştirakı ilə muvafiq Apelyasiya Komissiyası tələbənin yazılı cavablarının təkrar yoxlanmasını təmin edəcək.

Tələbələrə kömək məqsədi ilə universitetin kitabxanası sessiya müddətində gücləndirilmiş iş rejimində, hər iş günü saat 8.30-dan 17.30-dək fəaliyyət göstərəcək. Həmçinin, qeyri iş günlərində kitabxana xidmətindən istifadə üçün növbətçilər ayrılması tələbələrə oxu zallarından və kitabxana xidmətindən istifadəyə imkan yaradacaq.

Qeyd edək ki, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ilk imtahan günü 1 və 2 saylı tədris korpuslarında olub  və imtahanların gedişini  əyani izləyib.

Esmira İsmayılova

LDU-nun mətbuat xidməti

Gununsesi.info