Lənkəran şəhərində zəncirvari qəzada 6 nəfər xəsarət alıb, onlardan 5-i tələbədir.
Gununsesi.info report.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara magistralının 199-cu kilometrliyində, Lənkəran rayonunun Digah kəndindən keçən hissəsində qeydə alınıb.
İkinci dərəcəli yoldan magistral yola çıxmaq istəyən, taksi fəaliyyəti ilə məşgul olan 58 yaşlı Firudin Bəqəliyevin idarə etdiyi “VAZ-2106” markalı 42 BD 627 dövlət qeydiyyat nömrə nişanlı avtomaşın magistralla hərəkətdə olan “Ford” markalı 10 VZ 539 dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qarşısına çıxaraq qəzaya səbəb olub.
Daha sonra yol kənarında hərəkətsiz vəziyyətdə olan Bəxtiyar Məmmədova məxsus “Mersedes” markalı, 10 CL 221 dövlət qeydiyyat nömrə nişanlı avtomaşına çırpılıb. Nəticədə “VAZ-2106” -nın sürücüsü və avtomaşında olan 5 tələbə maxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıblar.
Lənkəran Dövlət Universitetinin tələbələri olan sərnişinlərdən Masallı rayon Dadva kənd sakini, 18 yaşlı Xanımnisə Əliyeva xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.
Digər xəsarət alanlar – Salyan rayon sakini 18 yaşlı Sadiq Rəsulbəyli, Masallı rayon sakini 18 yaşlı Aytac Kərimli, Biləsuvar rayon sakini 17 yaşlı Yeganə Abbasova və Masallı rayon sakini 18 yaşlı Selcan Tahirzadə isə Travmatologiya şöbəsində qeydiyata alınıblar.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.
Gununsesi.info