Lənkəranda özünü asaraq intihar edən həkim həm də biznesmen imiş…

Lənkəranda tanınmış stomatoloq Müşfiq Bağırovun intiharı ilə bağlı bəzi məlumatlar üzə çıxıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Xolmilli kəndindən olan M.Bağırov tanınmış həkim ailəsinin övladı olub. Onun atası Zaman Bağırov da uzun illərdir rayonda tibb sahəsində fəaliyyət göstərir.

Bildirilir ki, Müşfiq Bağırov stomatoloq fəaliyyəti ilə yanaşı bizneslə də məşğul olub. O, xeyli vaxtdır maşın alveri edirmiş. Həmçinin bu ildən Müşfiq Bağırov Rusiyaya çiyələk göndərilməsi biznesinə də qoşulub. O, Moskvaya dəyəri 200-300 min manat olan çiyələk göndərsə də, ziyan etdiyi və malı qəbul edən tərəfin ödənişləri etmədiyi qeyd edilir.

O da məlum olub ki, Müşfiq Bağırov və ailəsi Lənkəranda xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, stomatoloq kimi yüzlərlə qazini, şəhid ailəsi üzvünü və tələbəni pulsuz müalicə edib. Bundan başqa, Müşfiq Bağırov Lənkəran şəhərinin mərkəzində yerləşən diş klinikasının önündə xeyriyyə kampaniyası ilə bağlı elanlar da yerləşdiribmiş.

Qeyd edək ki, M.Bağırov ötən gün şəhərin “Raypo” adlanan ərazisində özünə məxsus yarımtikilidə intihar edib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

11:10

Lənkəranda şəxsin özünü asaraq intihar etməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

“Avqustun 21-də Lənkəran şəhər sakini, 1989-cu il təvəllüdlü Müşfiq Bağırovun tikilməkdə olan evinin ikinci mərtəbəsində tavandan özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb”, – məlumatda qeyd olunub.

Qeyd edək ki, avqustun 21-də Müşfiq Zaman oğlu Bağırov yarımçıq tikilidə özünü asaraq intihar edib. O, rayonda tanınmış stomatoloq olub.

Gununsesi.info