Lənkəranskiyə rəğbətin arxasında nə dayanır(dı)? - “Zamanında Rövşənin piarı çox yüksək səviyyədə qurulmuşdu”

  • Müəllif: admin
  • 22 Avqust 2016 10:56

ehmed

Kriminal aləmin məşhur isimlərindən olan azərbaycanlı avtoritet Rövşən Lənkəranskinin  qətlə yetirilməsi və dəfnindən sonra haqqında yazılanlar cəmiyyətdə birmənalı qarşılanmadı.

Cəmiyyətin  R.Lənkəranskiyə  münasibətdə yuxarı və aşağı təbəqəsi arasında yaranan fikir birliyi cəmiyyətdə yeni bir ortam yaratdı. Bu ortam isə hesab edir ki,  R. Lənkəranskinin ölümü ilə bağlı edilən canfəşanlıqlar Azərbaycanın torpaqlarının geri alınması uğrunda canından keçən şəhidlərimizə qarşı hörmətsizlikdir. Bəs, bu gün kiriminal aləmin nüfuzlu nümayəndəsinə qarşı göstərilən rəğbət hissinin səbəbi nədir, görəsən?  Nəyə görə,  elə son aprel döyüşlərində əsgərlərimiz şəhid olanda bu şəxslər “kaş,  şəhidlərimizin yerinə mən şəhid olaydım” demirdilər? Amma kriminal aləmin məlum avtoriteti uçun az qala butun tanınmışlar bu frazanı dəqiqəbaşı yazır, deyir və ya özlərini ona canıyanmış kimi göstərirlər. Görəsən, cəmiyyətdə nə baş verir?

Gununsesi.info  mövzuyla bağlı sosioloq Əhməd Qəşəmoğluna müraciət edib. O, bildirib ki, R. Lənkəranskiyə olan bu münasibətin arxasında bir sıra səbəblər dayanır. Burada ən mühüm rol onun şəxsi keyfiyyətləri, gördüyü  işlər və əməli  fəaliyyətidir.

“Bütün tarix boyu xalq cinayətkarlara, ümumiyyətlə, pis baxsa da, onların arasında sadə insanlara kömək edən, ədalət uğrunda vuruşanlara qarşı rəğbət bəsləyib. Belə insanların müəyyən xeyirxah əməlləri barədə xəbərlər yayıldıqca, insanlar sanki onun cinayətkarlığını unudur və qəhrəmanlaşdırmağa başlayırlar. Yəni, hər cinayətkar, qaçaq-quldur xalq arasında sevilmir. Onlardan yalnız əhaliyə kömək edənləri və müsbət şəxsi keyfiyyətləri ilə seçilənlər belə qarşılanır. Bir az geniş miqyasda götürsək, elə Koroğlu, Qacaq Nəbi və digər belə xalq qəhramanları da öz dövrlərində dövlət tərəfindən cinayətkar kimi tanınıb. Amma xalq onlarıəməllərinə görə sevirdi. Rövşən Lənkəranski barədə də son onillikdə ictimai fikir belə formalaşmağa başlamışdı. Onun da haradasa ədalət uğrunda mübarizə aparması, sadə insanlara kömək etməsi dilləri dolaşmaqdaydı. Bir çox nüfuzlu, tanınmış insanlar da onun barəsində xoş sözlər deyirdi.Əhalidə belə bir fikir yaranmışdı ki, Rövşən beynəlxalq səviyyədə, xüsusilə də, Rusiyada azərbaycanlıların böyük təbəqəsinin, hər dara düşənin maraqlarının qorunmasında önəmli rola malikdir. Onun ölümü ilə bu kömək məhv oldu, lakin ölümü belə ona rəğbəti artırdı. Onun adının əbədiyaşar mifə çevrilməsinə səbəb oldu.  Düşünürəm ki, onun bu sahədə piarı çox yüksək səviyyədə qurulmuşdu. Bu piarı quranlar isə əsasən şou-biznes adamlarıydı”-deyə, o, bildirib.

rovsen

Gülnaz Qənbərli

Gununsesi.info