“Laboratoriyada poliuretanın çətin yanan olduğu müəyyənləşib” – YANĞIN SƏBƏBKARI

  • By admin
  • 09 Avqust 2016 14:37

bina

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla bağlı təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi hakim Əfqan Hacıyevin sədrliyi ilə davam etdirilib.

Zərərçəkmişlərin yaxınlarında Orxan Novruzovun Gununsesi.info-ya verdiyi məlumata görə,  prosesdə zərərçəkmlər ifadə veriblər. Lakin prosesdə təqsirləndirilənlərdən Binəqədi rayon İcra Hakimiyyəti başçısının sabiq birinci müavini Qəzənfər Novruzovun vəziyyəti qəflətən pisləşdiyindən  təcili tibbi yardım çağırılıb. Məhkəmə fasilə elan edib. Fasilədən sonra hakim Ə.Hacıyev bildirib ki,  zərərçəkmişləri əksəriyyəti dindirilsə də,  27 zərərçəkmiş hələ də məhkəməyə gəlməyib.

Onun sözlərinə görə,  onların barəsində məcburi gətirilmə qərarı çıxarılıb.  Hakim təklif edib ki, digər zərərçəkmişlər prosesə gələnədək təqsirləndirilən şəxslər ifadə versinlər. Təqsirləndirilənlərdən  Qəzənfər Novruzov, Ələkbər Əsgərov, Miryusif Mahmudov və Uğur Bəşirov  bildiriblər ki,  ifadə verməyə hazır deyillər.

Prosesə  ifadə verən “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov isə ifadəsində təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını və özünü təqsirli bilmədiyini söyləyib: “Poliuretan materialı laboratoriyada dəyərləndirilib və materialın çətin yanan olduğu müəyyənləşib. Yalnız 2010 və 2011-ci illərdə materialın sınaq yoxlamasını keçiriblər. Bundan sonra çətin yanan material kimi rəy protokolunu imzaladım. Mənim əsas iş yerim Bakı Dövlət Universitetidir. Mən bu zavodda yalnız müqavilə əsasında məsləhətçi kimi çalışmışam”.

Hakim prosesin davamını  avqustun 11-ə təyin edib.

Qeyd edək ki, ötən il mayın 19-da paytaxtın Binəqədi rayonu ərazisində çoxmərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olmuş yanğınla bağlı binaların üzlənməsində istifadə olunan “poliuretan” məmulatını istehsal edən “Qlobal Stone” və “Global Constuction” MMC təsisçisi Yusif Mahmudov, “Qlobal Stone” MMC-nin baş direktoru Uğur Bəşirov, “Global Construction” MMC-nin sədr müavini Ələkbər Əsgərov, 2012-2013-cü illərdə Binəqədi rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi işləmiş rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov, Binəqədi rayonu, 72 saylı mənzil-kommunal istismar sahəsinin rəisi Nizami Orucov və binanın poliuretan materialla üzlənməsi işlərinə nəzarət funksiyalarını həyata keçirməli olan, 2012-2013-cü illərdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının birinci müavini işləmiş Qəzənfər Novruzov, Cinayət Məcəlləsinin 225.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları həbs qətimkan tədbiri seçilib. Bundan başqa, cinayət işinə “Dərnəgül Boru” Zavodunun laboratoriya rəhbəri Ağacavad Məmmədov və Səhiyyə Nazirliyi yanında Gigiyena və Epidemiologiya Mərkəzinin baş direktoru Akif Əlibəyov da cəlb edilib. Onlar barəsində həbs-qətimkan tədbiri seçilməyib.

Yanğın nəticəsində 15 nəfər həlak olub. 50 nəfər isə xəsarət alıb.

Gülnaz Qənbərli

Gununsesi.info