“Laçın dəhlizində nəzarət postları qurmalıyıq” – Fərid Şəfiyev

  • By admin
  • 16 Avqust 2021 15:48

“Qarabağın ermənilər yaşayan hissələrində yerləşdirilmiş Rusiya sülhməramlıları 10 noyabr bəyanatının dördüncü maddəsini yerinə yetirmirlər”.

Bunu Gununsesi.info-ya Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev sülhməramlıların yerləşdiyi ərazilərdən mövqelərimizin atəşə tutulmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sözügedən maddədə göstərilir ki, erməni silahlı qüvvələr bütün Azərbaycan ərazisindən çıxarılmalıdır:

“Ermənilər iddia edirlər ki, bu tələb Qarabağa aid deyil. Amma orada “Dağlıq Qarabağ və ətraf rayonlar” deyə qeyd yoxdur. Orada bütövlükdə Azərbaycan torpaqları nəzərdə tutulur. Ermənilər yaşayan ərazilərdəki erməni silahlı birləşmələr çıxarılır və Rusiya sülhməramlıları yerləşdirilir.

Sülhməramlılar məhz həmin əraziyə cavabdehdirlər. Bizim nəzarətimizdə olan əraziyə isə onlar cavabdeh deyillər, nəzarətimizdəki torpaqlarda lazımi fəaliyyəti göstəririk. Rus hərbçilərin nəzarət etdikləri hissələrdə müvafiq humanitar aksiyalar keçirməsində problem yoxdur”.

Fərid Şəfiyev atəşkəsin pozulması hallarının qarşısını almaq üçün diplomatik səylərin artırılmasını vacib hesab edir:

“Məsələni diplomatik yolla həll etməyə çalışmalıyıq. Rusiyanın statusu var, regional qüvvədir. Regionda isə geosiyasi vəziyyət dəyişib, Türkiyə var. Şuşa bəyannaməsi faktiki olaraq göstərir ki, Azərbaycanın ərazisinə hər hansı təhlükə olacağı təqdirdə, Azərbaycanın Türkiyə qarşısında, Türkiyənin də Azərbaycan qarşısında öhdəliyi var. Hələ ki, təbii olaraq, diplomatik addımlar olmalıdır. Gələcəkdə dördüncü və digər maddələr icra olunmayacaqsa, bu, 10 noyabr razılaşmasının pozulması deməkdir. Biz müvafiq addımlar atmalıyıq. Laçın dəhlizinin bağlanması və ya nəzarət postlarının qurulması gec-tez baş verməlidir. Laçın dəhlizi hazırda humanitar yüklərin daşınması məqsədilə istifadə edilməlidir. Halbuki silah daşınması, İrandan tankların daxil olması, erməni hərbçilərin gəlməsi və s. həyata keçirilir. Bura bizim suveren ərazimizdir. Sərhəddə yoxlama nəzarət postu yarada bilərik”.

Gununsesi.info