Laçındakı 4 hərbçinin ölümünə səbəb olan faciənin 4 səbəbi - EKSPERT ŞƏRHİ

  • By admin
  • 02 Avqust 2024 11:34

Xəbər verdiyimiz kimi, iyulun 30-da Laçın rayonunda 4 hərbçi qeyri-döyüş şəraitində həlak olub.

Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd olunub ki, Asif Emnalıyev, Fərid Cəbrayılov, Tural Səmədov və Emin Şahmarlı kükürd qazlı termal sularda çimərkən zəhərləniblər.

Xəzər Hərbi Tədqiqatlar İnstitutunun direktoru Cəsur Məmmədov (Sümərinli)  Gununsesi.infoya açıqlamasında bildirib ki, baş vermiş hadisənin müxtəlif səbəblərindən danışmaq olar.

Onun sözlərinə görə, bu kimi hadisələrin əsas 4 səbəbi ola bilər: “Birincisi, nəzarətsizlik, ikincisi, məsuliyyətsizlik üçüncüsü ərazini tanımamaq və dördüncüsü maarifləndirmə işinin zəif olmasıdır. Nəzarətsizlik dedikdə, komandir heyətinin – tabeliyində olan şəxsi heyətin hərəkəti, fəaliyyəti və sairə üzərində nəzarət imkanlarının bilərəkdən və ya bilməyərəkdən məhdud olması nəzərdə tutula bilər. Baş vermiş hadisədə komandir heyəti həmin 4 nəfəri (baxmayaraq ki, dünyasını dəyəşənlərdən biri zabit olub) nəzarətsiz buraxıb. Hərbi xidmət qaydalarına görə, hər hansı kənar su hövzəsində çimmək qadağandır. Belə olan təqdirdə, şəxsi heyətin hərbi hissəni özbaşına tərk etməsi və ya icazə ilə tərk etməsi məsələsi aydınlaşdırılmalıdır. Məsuliyyətsizlik dedikdə, həm komandir heyətinin, həm də ümumilikdə şəxsi heyətin hərbi xidmətə yanaşmada məsuliyyətsizlik göstərməsi nəzərdə tutulur. Baş vermiş hadisədə hərbi xidmət qaydalarına məsuliyyətsiz yanaşma hiss olunur. Həm komandir heyəti, həm də əsgər heyəti tərəfindən. Hərbi xidmət qaydalarına münasibətdə məsuliyyətsizlik nümayiş etdirmək ciddi qayda pozuntusudur, cəzalandırılma mütləq olmalıdır. Ərazini tanımama orada baş verəcək bədbəxt hadisələrdən sığortalanmamaq deməkdir. İşğaldan azad edilmiş ərazilərdə hərbçiləri gözləyən çoxsaylı təhlükələr var – mina partlayışından tutmuş – son hadisədəki kimi, insan sağlamlığına zərər verən zəhərli sulara qədər hər şeyi sadalamaq olar. Bunu hərbi heyət, xüsusən Müdafiə Nazirliyinin rəhbərliyi yaxşı bilməlidir. Ərazilər diqqətlə yoxlanılmalı, şəxsi heyətin məlumatlandırılması intensiv olmalıdır. Sağlamlığa bu və ya digər səviyyədə ziyan verəcək ərazilər xüsusi olaraq qapadılmalıdır, hasara alınmalıdır, üzərlərinə işarələr qoyulmalıdır. Şəxsi heyətin intensiv məlumatlandırılması, maarifləndirmə vacibdir. Hərbi təhsil sisteminə yeni kurs – “təhlükəli ərazilərdə hərbi xidmət” adlı xüsusi təlim kursu daxil edilməlidir. Bu kurs həm ali hərbi məktəblərdə, həm də hərbi hissələrin özündə keçirilməlidir. Bu baş verməsə, bədbəxt hadisələrin sayı daha da artacaq”.

 

Ekspertin sözlərinə görə, təəssüflər olsun ki, qeyd edilən istiqamətlərdə ciddi işlərin aparıldığının şahidi olmuruq: “Bu və digər səbəblərdən 2024-cü ildə qeyri-döyüş şəraitində dünyasını dəyişən hərbi qulluqçuların sayı təxminən 30 nəfərdir və bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə artımı göstərir”.

 

Afət Abbasova

Gununsesi.info