Sosial problemlərdən qaynaqlanan narazılıqlar və vətəndaşların hüquqlarının pozulması son dövrlər bəzi rayonlarda daha da artıb. Respublikanın bir çox yerlərində bu hallarla rastlaşmaq artıq adiləşib.Müşahidələr göstərir ki, bölgələrdə icra başçılarının özbaşınalığı artıq dözülməz həddə çatıb.
Gununsesi.info-nun xəbərinə görə, bəzi rayonlarda icra başçılarının dəyişdirilməsi ilə əlaqədar şikayətlərin sayını bir qədər azaltmaq mümkün olsa da, elə rayonlar var ki, oradan, daha doğrusu, həmin rayonların icra başçıları haqqında daxil olan şikayətlərin sayı ilbəil artır və kütləvi xarakter daşımağa başlayıb. Təsadüfi deyil ki, hər gün redaksiyamıza yerli məmurların özbaşınalığından onlarla şikayət məktubu gəlir. Haqsızlıqlarla üzləşən vətəndaşlar son ümid yeri kimi mətbuata üz tuturlar.
Rəsmi məlumatlara görə, hər il hökumət tərəfindən Prezident Administrasiyasına ən çox şikayət gələn rayonların statistikası aparılır. Hakimiyyət korrupsiyaya qarşı mübarizəni sərtləşdirir, özbaşınalığa yol verən məmurlara nəzarəti gücləndirir, mənimsəmələrdə ad çıxarmış nazir və komitə sədrlərinin “qayka”larını bərkidir.
Lakin icra hakimiyyətlərinə nəzarət nə qədər çox artırılsa da, rayonlarda özbaşınalıq, süründürməçilik, vətəndaşlara qarşı haqsızlıq edən icra başçılarından təkcə prezidentə İlham Əliyevə deyil, 1-ci vitse-prezident Mehriban Əliyevaya da şikayət edənlərin sayı günbəgün artır. Ekspertlər hesab edirlər ki, hansı rayon rəhbərindən M.Əliyevaya şikayət edilirsə, bu haqda mətbuatda məlumatlar tirajlanırsa, həmin icra başçılarının vəziyyəti heç də ürəkaçan olmayacaq.
İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoysa da, bölgələrdə icra başçıarı və məmurlar xalqı dövlətdən narazı salan hərəkətlər etməkdə davam edirlər.
Xalqı dövlətdən narazı salan icra başçılarından biri də Laçın rayon İcra Hakimiyyətinin başçsı Aqil Nəzərlidir. Laçın rayonu qaçqın və məcburi koçkün bölgəsi olduğundan əhalinin problemləri digər rayonlarınkından fərqli və çoxdur.
Bu rayonun məcburi köçkünlərinin şikayəti isə daha çox sosial xarakterlidir. Elə Gununsesi.info-ya müraciət edən Laçın rayonu, Vağazin kənd sakini Amin Xosurov oğlu Əhmədovun şikayəti də, məhz, bu konteksdədir.
A.Əhmədov yazır ki, rayonun icra başçısı Aqil Nəzərli onu ev tikməyə qoymur. Hazırda Ağcabədi rayonun Taxtakörpü qəsəbəsində kirayə qalan iki övlad atasının dediyinə görə, icra başçısının onu öz şəxsi hesabına ev tikməsinə nəyə görə icazə vermədiyinin səbəbi də bilinmir: “Başçının müavini Tofiq müəllimin qəbulunda oldum. Sağ olsun, Tofiq müəllim mənə köməklik göstərə biləcəyini desə də, bildirdi ki, bu işdə mütləq Aqil Nəzərlinin icazəsi olmalıdır. Bu günədək də icra başısının qəbuluna təpik döyməkdən yorildum, amma o məni süründürməkdən bezmədi. İcra başçısı Aqil Nəzərli məni və ailəmi evsiz qoyub. Qəsəbədə bünövrə qazıb ev tikmək istəyərkən Aqil Nəzərlinin tapşırığı ilə polislər məni şöbəyə apardılar.
Əlim hər yerdən üzüldüyündən dövlət başçısına müraciət etmək məcburiyyətində qaldım. Qeyd edim ki, A.Nəzərli bir il deyil ki, icra hakimiyyəti başçısı təyin edilib. Amma bu müddət ərzində hər gün onun yarıtmaz fəaliyyəti ilə bağlı yerli mediada materiallar, videomüraciətlər dərc edilib. Əhalinin sosial şəraitinin yaxşılaşdırılması, rayonun infrastrukturunun inkişaf etdirilməsi, kadr islahatları… arxa plana keçirilib. Başçı yalnız vəzifəsindən sui-istifadə etməklə fəaliyyətini şəxsi maraqlarının qorunmasına istiqamətləndirib. Onlarla gənc, məcburi köçkün bu gün dözülməz şəraitdə yaşayır,özü də ac, susuz və işsiz… şəxsi vəsaiti hesabına rifahını yüksəltmək istəyənləri isə gözümçıxdıya salır.
Ailəliyəm, 2 övladım var. Kirayələrdə sürünürəm. Ev tikmək üçün banklardan 5 min AZN kredit götürmüşəm. Dövlət tərəfində hələ bizim üçün ev tikmək nəzərdə tutulmyıb. Axı mən dövlətdən ev də istəmirəm. Laçın köçkünlərinin kompakt yaşadığı ərazidə birgözlü ev tikmək istəyirəm. Niyə axı buna imkan vermir, səbəbini də demir. Cənab prezident İlham Əliyevdən, 1-ci vitse-prezident Mehriban Əliyevadan kömək istəyirəm. Laçınlı məcburi köçkünlərin işi Allaha qalıb. Bizə kömək edin. Axı biz də Azərbaycan vətəndaşıyıq…”.
https://www.youtube.com/watch?v=ujTlAfovWCM
Gülnaz Qənbərli
Gununsesi.info