Lapşin kamerada tək saxlanılır - VƏKİLİNDƏN AÇIQLAMA

  • By admin
  • 09 Fevral 2017 14:16

lapsin

Vəkili Azərbaycanın ərazi bütövlüyü əleyhinə  açıq çağırışlar etməkdə təqsirləndirilərək həbs edilən və ölkəmizə ekstradisiya olunan israilli bloqqer Aleksandr Lapşinlə görüşüb.

Gununsesi.info xəbər verir ki, bu haqda Modern.az-a Lapşinin hüquqlarını müdafiə edən vəkil Səfər Hüseynov məlumat verib.

O qeyd edib ki, Lapşinlə Bakı İstintaq Təcridxanasında görüşüb, saxlanma vəziyyəti, səhhəti ilə maraqlanıb:

“O, saxlanma şəraitindən razıdır, heç bir şikayəti yoxdur. Hələ ki, kamerada tək saxlanılır”.

S.Hüseynov “Aleksandr Lapşin vəkili olaraq sizdən hər hansı bir şey xahiş etdimi” sualına cavab olaraq “xeyr” deyib.

O bildirib ki, hazırda istintaq getdiyindən görüşün detalları barədə ətraflı məlumat verə bilmir.

Vəkil, eyni zamanda bloqqerin anasının Bakıya gəlməsi və oğlu ilə görüşmək istəyindən xəbərsiz olduğunu bildirib.

Aleksandr Lapşinə Azərbaycan dövləti tərəfindən vəkil təyin olunub.

Qeyd edək ki, A.Lapşin “Azərbaycan Respublikasının dövlət sərhədi haqqında”, “Pasportlar haqqında” Azərbaycan Respublikasının qanunlarının tələblərini kobud surətdə pozaraq ölkəmizin mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək 2011-ci ilin aprel və 2012-ci ilin oktyabr aylarında işğal altındakı ərazilərimizə daxil olub. O, separatçı rejimin beynəlxalq səviyyədə təbliğ edilməsi məqsədilə özünün “http//puerrtto.livejournal.com”  internet səhifəsində səyahət etdiyi dövlətlər arasında Azərbaycan və Ermənistan ilə yanaşı, Dağlıq Qarabağı da müstəqil dövlət kimi qeyd etməklə, həmçinin 2016-cı il 6 aprel və 29 iyun tarixli müraciətlərində işğal altındakı ərazilərimizdə qanunsuz fəaliyyət göstərən rejimin “müstəqilliyini” dəstəkləməklə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edib.

A.Lapşinin hərəkətlərində dövlət əleyhinə yönələn açıq çağırışlar və dövlət sərhədini qanunsuz olaraq keçmə əməllərinin tərkib əlamətləri olduğundan Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində dövlətlərarası axtarış elan edilib.

A.Lapşin Azərbaycan tərəfinin tələbi ilə dekabrın 14-də Belarus Respublikası hüquq-mühafizə orqanlarının həyata keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Aleksandr Lapşin fevralın 7-də Belarusdan Azərbaycana ekstradisiya edilib.

Gununsesi.info