Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib

  • By admin
  • 03 Avqust 2017 16:54

lapsin

Azərbaycanda həbsdə olan bloger Aleksandr Lapşinin ərizəsi Ədliyyə Nazirliyinə təqdim edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə  vəkil Eduard Çernin məlumat verib. Vəkil bildirib ki, Lapşin ərizəsində İsrailə təhvil verilməsini xahiş edib.

E. Çernin deyib ki, Lapşin barəsində olan məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra onun təhvil verilməsi baş tuta bilər.

Xatırladaq ki, A. Lapşin bir müddət əvvəl İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri ilə görüşüb və onlara İsrailə təhvil verilməsini istədiyini deyib. O, barəsində olan hökmdən apellyasiya şikayəti verməkdən imtina edib.

Aleksandr Lapşin iyulun 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2 (Hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma – Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi üzrə irəli sürülən ittihama xitam verilib. Məhkəmə bu maddə üzrə ittihamın təsdiqini tapmaması qənaətinə gəlib.

Gununsesi.info