
Milli Elektron Media Şurası (NEPLP) Latviyada Rusiya təbliğatını yayan doqquz sayta girişi bağlayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə “Latvijas vestnesis” rəsmi nəşrinin məlumatında deyilir.
mk-pskov.ru, life.ru, pnp.ru, news-front.su, russkie.org, ont.by, sb.by, council.gov.ru, x-true.info saytlarına giriş bağlanıb. Bu səhifələrin istifadəçiləri nelegalssaturs.lv məlumat mesajına yönləndiriləcək.
Qərar digər səlahiyyətli qurumun və şuranın özünün bu saytların aqressiv Rusiya təbliğatını dəstəkləmək üçün istifadə edilməsinə dair tapıntılarına əsaslanır. Hakimiyyət belə qənaətə gəlib ki, bu saytlar “Rusiyanın Ukraynaya qarşı müharibəsi və Rusiyanın törətdiyi hərbi cinayətlər haqqında təhrif olunmuş və yalan məlumatlar yayaraq onlara bəraət qazandırır”. Latviya və NATO-nu nüfuzdan salan nifrət dolu çıxışlar və məlumatlar da yayılıb.
“Bundan əlavə, saytlarda radikal ideyaları dəstəkləyən təşkilatların, eləcə də onların əleyhdarlarının yaranmasına və fəallaşmasına səbəb ola biləcək dezinformasiyalar yer alır ki, bu da ölkələr daxilində müxtəlif qrupların etiraz aksiyaları keçirmə ehtimalını istisna etmir və bununla da ictimai asayişə və əhalinin təhlükəsizliyinə təsir göstərir”, – NEPLP-nin məlumatında deyilir.
Qeyd edək ki, ötən ilin sonunda Latviyanın Milli Elektron Media Şurası ölkədə Rusiyanın “Yandex” texnologiya qrupu ilə əlaqəli bütün saytlara girişi bağlayıb.
Gununsesi.info