Lavrov: “Azərbaycanla Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub”

Azərbaycan və Ermənistan arasında münaqişə böyük ölçüdə həll olunub, indi tərəflərə münasibətlərin tam şəkildə normallaşması üçün növbəti əməli addımlar atılmalıdır.

Gununsesi.info xəbər verir ki, bunu jurnalistlərə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Tehranda Cənubi Qafqaz üzrə “3+3” formatında nazirlərin görüşünün yekunlarından sonra deyib.

“İndi münasibətlərin tam normallaşması üçün əməli addımlar var. İlk növbədə, sülh müqaviləsinin hazırlanması, sərhədlərin delimitasiyası və maneəsiz nəqliyyat və iqtisadi əlaqələrin qurulması. Bu barədə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşlərdə razılıq əldə olunub. Ermənistan-Azərbaycan münasibətlərinin bu aspektləri “3+3” formatında birbaşa müzakirə olunmur. Bunun üçün tərəflərin razılaşdığı başqa kanallar da var”, – Lavrov qeyd edib.

Nazir hesab edir ki, Rusiya bütün bu proseslərlə bağlı əlaqələndirici rol oynayır.

Onun sözlərinə görə, Moskva, Bakı və İrəvan arasında ayrıca saziş delimitasiyaya həsr olunub. “Ermənilər və azərbaycanlılar delimitasiya komissiyası yaratmaq barədə razılığa gəliblər ki, onun işində onların razılığı ilə Rusiya tərəfi məsləhətçi qismində iştirak edəcək. Təəssüflər olsun ki, komissiya uzun müddət iclas keçirmədi. Baxmayaraq ki, son bir il ərzində ABŞ və ilk növbədə Avropa İttifaqı tərəfindən delimitasiya prosesinə soxulmaq cəhdləri (və davam edir) olub”, – deyə nazir bildirib.

Lavrov qeyd edib ki, “Rusiya ermənilərin və azərbaycanlıların faydalı hesab etdiyi hər hansı təmasların əleyhinə deyil”. “Lakin ekspertlər yaxşı bilirlər ki, delimitasiyanın müzakirəsi və razılaşdırılması üçün lazım olan hər şey, o cümlədən sovet dövründən qalan xəritələr yalnız Rusiyanın əlindədir. Tərəfdaşlar bunu başa düşürlər. Biz bundan böyük nəticə çıxarmağa çalışmırıq. İstəsələr, Brüsseldə “şanslarını sınasınlar”. Amma biz həmişə praktiki delimitasiyaya başlamağa həqiqətən kömək etməyə hazırıq”, – o qeyd edib.