Lavrov Bakı-Moskva arasındakı gərginliyə təkan verir - TOFİQ ZÜLFÜQAROV

  • By admin
  • 26 İyul 2017 15:06
 tofiq zul-3
“Artıq Rusiya tərəfi etiraf edib ki, Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələr var. Bu üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Çünki doğrudan da bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri Lavrovdur (Rusiyanın xarici işlər naziri Sergey Lavrov-red). Bilirsiniz ki, ictimaiyyət tərəfindən onun mövqeyi ciddi şəkildə tənqid olunur və mən də onun tənqidçilərindən biri idim”.
Gununsesi.info xəbər verir ki, bu fikri Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Amerikanınsesi”-nə verdiyi açıqlamasında  Azərbaycan-Rusiya prezidentlərinin Soçi görüşünün yekunları ilə bağlı mövqeyini şərh edərkən  deyib.
Onun sözlərinə görə,  ümumiyyətlə, onu qeyd etmək lazımdır ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşü  qeyri-adi bir görüş idi:
“Yəni, onun hazırlığı barədə və digər detalları geniş müzakirə olunmayıb. Amma görünür ki, təcili və çox vacib məsələlər müzakirə olunub. Rəsmi məlumatlara görə, Dağlıq Qarabağ və regionda olan təhlükəsizlik məsələləri müzakirə olunub. Bu baxımdan hesab edirəm ki, əgər bu iki mövzunu bir-biri ilə əlaqələndirsək görəcəyik ki, məhz regionda olan vəziyyət, Ermənistan-Azərbaycan münaqişəsi və iki ölkə arasındakı gərginlik əsas müzakirə olunan məsələlərdən biridir. Hər halda qeyri-rəsmi məlumatlar da yayılıb”.
 
İki ölkə arasında gərginlik yaradan üçüncü qüvvlər məsələsinin görüşdə müzakirə olunmasına gəldikdə isə sabiq nazir deyib ki, artıq Rusiya tərəfi də Azərbaycan-Rusiya əlaqələrinə ziyan gətirən üçüncü qüvvələrin olduğunu  etiraf edib:
“Bu üçüncü qüvvələrin bir hissəsi Rusiyanın daxilindədir. Bu, müzakirə olunan çox vacib bir məsələ idi. Bu məlumatı qəbul edək. Hər halda mən o adamlardan biriyəm ki, bu məlumatı həqiqətə uyğun məlumat kimi qəbul edirəm. Çünki doğrudan da bir neçə ay öncə yaranan gərginlik və onun mənbəyi elə bil Rusiyanın Xarici İşlər Nazirliyinin daxilində cəmləşib. Təhlillər onu göstərir ki, bu gərginliyə təkan verənlərdən biri Lavrovdur (Rusiyanın xarici işlər naziri Sergey Lavrov-red). Bilirsiniz ki, ictimaiyyət tərəfindən onun mövqeyi ciddi şəkildə tənqid olunur və mən də onun tənqidçilərindən biri idim. Hesab edirəm ki, etnik mənsubiyyət qeyri-balanslaşmış bir mövqeyə gətirib çıxarıb. Təbii ki, bu da öz növbəsində Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində böyük bir maneə olub”.
Bu görüşün  Ermənistan-Azərbaycan münaqişəsinin həllinə  hansı təsirlər göstərəcəyinə gəldikdə T.Zülfüqarov deyib ki,  Ermənistan-Azərbaycan münaqişəsi stabilliyə və əməkdaşlığa ən böyük maneələrdən biri olduğunu hamımız başa düşürük:
“Bu baxımdan hesab edirəm ki, müzakirələr öz faydasını verəcək”.
Mürtəza
Gununsesi.info