Xəzəryanı ölkələrin birgə fəaliyyəti Avrasiya qitəsində təhlükəsizliyin, sabitliyin və davamlı inkişafın təmin edilməsinə mühüm töhfə verir.
Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xəzəryanı dövlətlərin – Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın Xarici İşlər nazirliklərinin rəhbərləri ilə görüşündə deyib.
“Xəzəryanı dövlətlər arasında praktiki əməkdaşlığın dərinləşməsi daha geniş mənada da aktualdır – mən çoxqütblü dünya düzəninin formalaşması, dünya inkişafının yeni mərkəzlərinin mövqelərinin möhkəmləndirilməsi kontekstində nəzərdə tuturam”, – Lavrov qeyd edib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, “Xəzər dənizində əməkdaşlıq yüksək səviyyəyə çatıb, lakin beştərəfli qarşılıqlı fəaliyyətin keyfiyyətinin yaxşılaşdırılması və onun beynəlxalq hüquqi əsaslarının möhkəmləndirilməsi üçün əlavə səylər tələb olunur”.
Rusiyalı nazirin sözlərinə görə, “Xəzər mövzusu” çərçivəsində görülən işlər regional qarşılıqlı fəaliyyət problemlərinin əsas həlli yollarını tapmağa imkan verir.
“Xəzər məsələsinin bizim hamımız üçün prioritet olması vacibdir, bu, Xəzər “beşliyi”nin prezidentləri və hökumət başçıları tərəfindən mütəmadi olaraq müzakirə olunur. “Bu formatda əməkdaşlığa ciddi təkan ötən ilin iyununda Aşqabadda keçirilən 6-cı Xəzər Sammiti və ötən ilin oktyabrında Moskvada keçirilən 2-ci Xəzər İqtisadi Forumu zamanı verilib. 3-cü Xəzər İqtisadi Forumu Tehranda baş tutmalıdır”, – Lavrov bildirib.
“Bugünkü görüş xüsusi xarakter daşıyır, biz, əslində, Aşqabad sammitində razılaşdırılmış mandat çərçivəsində fəaliyyət göstərəcək yeni, müntəzəm nazirlər dialoquna başlayırıq. Bu mandat, xüsusilə, beştərəfli əməkdaşlığın inkişafı və formatlarının təkmilləşdirilməsi məsələlərinin nəzərdən keçirilməsini, sammitlərin qərarlarının həyata keçirilməsi üçün razılaşdırılmış tədbirlərin işlənib hazırlanmasını, onların gündəliyinin və yekun sənədlərinin hazırlanmasını nəzərdə tutur”, – deyə o əlavə edib.
Qeyd edək ki, Moskvada Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü keçirilir.
İclasda Qazaxıstan, Azərbaycan, İran, Rusiya və Türkmənistanın xarici işlər nazirləri iştirak edirlər.
Məsləhətləşmələr zamanı Xəzər dənizi regionunda qarşılıqlı maraq doğuran geniş spektrli məsələlərin nəzərdən keçirilməsi planlaşdırılır.
Gununsesi.info