Lavrovla Məmmədyarov Bakıda görüşdü - FOTOLAR

  • By admin
  • 03 Dekabr 2019 16:45

Xarici İşlər Naziri Elmar Məmmədyarov Azərbaycanda rəsmi səfərdə olan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

Gununsesi.org-un “Moskva-Baku” portalına istinadən verdiyi xəbərə görə, görüşdə ikitərəfli əməkdaşlıq, Azərbaycan-Rusiya münasibətlərinin inkişafı məsələləri müzakirə olunub.

“Səfəriniz Azərbaycanın həyatında vacib bir siyasi hadisədir. Danışıqlar zamanı biz Qarabağ məsələsinə toxunub, Azərbaycan-Ermənistan münaqişəsinin həlli barədə danışacağıq. Sizi Bakıda görməkdən məmnunam”, -deyə E. Məmmədyarov bildirib.

Sergey Lavrov Bakıda ev atmosferini hiss etdiyini etiraf edib: “Dünən Prezident İlham Əliyevlə səmimi görüşümüz oldu. Qəbula, həqiqətən tərəfdaşlıq və dostluq münasibətinə görə sizə təşəkkür edirəm. Bir çox vacib məsələni, o cümlədən ən yüksək səviyyədə əldə olunmuş razılaşmaları müzakirə etdik. Prezidentlər mütəmadi olaraq ünsiyyət qururlar, baş nazirlər, parlament, nazirlik və idarələr səviyyəsində razılaşmalar mövcuddur. İqtisadiyyat münasibətlərimizin təməlidir, biz Azərbaycan və Rusiya arasında ticarətin sürətlə böyüdüyünün şahidi oluruq. Düşünürəm ki, bu il qarşılıqlı ticarət dövriyyəsi 3 milyard dollara çatacaq”.

XİN rəhbərləri Dağlıq Qarabağ haqqında

Elmar Məmmədyarov: “Azərbaycan və Rusiya Dağlıq Qarabağ məsələsinin həlli yönündə daha çox irəliləməlidir. Əlbəttə ki, bu məsələ həm ikitərəfli, həm də çoxtərəfli qaydada çox böyük və ciddi bir mövzudur, çünki Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Tamamilə əminik ki, irəliləmək lazımdır, çünki indi mövcud olan vəziyyət – nə müharibə, nə də sülh heç bir yerə aparan deyil”.

Sergey Lavrov: “Mən Dağlıq Qarabağ icmaları arasında əlaqələrin tərəfdarıyam. Hesab edirəm ki, bu, çox vacibdir. İstənilən qərar bu torpaqda yaşayan insanlar tərəfindən qəbul olunmalıdır. Mən icmalar arasında əlaqələrin və onların bərpa olunmasının tərəfdarıyam. Yekunda Qarabağın bütün əhalisi necə yaşamaq lazım olduğunu özü qərar verməlidir”.