Lavrovun ATƏT-in iclasında iştirakı ilə bağlı mübahisələr: Bu ölkələr iclası boykot etdi

  • By admin
  • 30 Noyabr 2023 09:17

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell Şimali Makedoniyanın Rusiya nümayəndə heyətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) nazirlər toplantısında iştirakına icazə vermək qərarını dəstəklədiyini bildirib.

Gununsesi.info xəbər verir ki, o, bunu Şimali Makedoniya Xarici İşlər Nazirliyinin rəhbəri Dimitar Kovacevski ilə Skopyedə keçirdiyi mətbuat konfransında deyib.

Borrell Şimali Makedoniyanın Rusiya xarici işlər naziri Sergey Lavrovun nazirlər görüşündə iştirakına icazə verməsi ilə bağlı “bəzi iştirakçı dövlətlərin narahatlığını” başa düşdüyünü bildirib.

“Ancaq sizin Lavrovun görüşdə iştirakına icazə vermək qərarınız bizim çoxtərəfliliyi qorumaq kimi ümumi məqsədimizə uyğundur”, – o əlavə edib.

Bundan əlavə, Aİ-nin yüksək səviyyəli diplomatı hesab edir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Moskvanın Ukraynaya genişmiqyaslı işğalından sonra niyə özünü təcrid vəziyyətinə saldığını digər iştirakçılardan “eşitməlidir”.

“Və sonra o, Kremlə qayıdıb Kremlin sahibinə hesabat verə biləcək ki, Avropa İttifaqı və ATƏT Rusiyanın aqressiv, qeyri-qanuni davranışını pisləməkdə tək qalacaqlar. Ən azından bu baxımdan bu faydalı olacaq”, – deyə Borrell izahatını yekunlaşdırıb.

Qeyd edək ki, çərşənbə axşamı Ukrayna Xarici İşlər Nazirliyi nazirin ATƏT-in iclasında iştirakdan imtina etməsini təşkilatçıların Rusiya xarici işlər naziri Sergey Lavrovu iclasa dəvət etməsi ilə əlaqədar elan edib. Ardınca Baltikyanı ölkələrin, eləcə də Polşanın xarici işlər nazirləri ATƏT-in iclasını boykot etməyə qoşulublar.

“Soyqırım törədən, (ATƏT-ə) üzv bir dövlətə – Ukraynaya qarşı genişmiqyaslı hücum edən təcavüzkarla necə danışmaq olar?” – deyə, Estoniyanın xarici işlər naziri Marqus Tsahkna NATO nazirlərinin görüşü zamanı jurnalistlərə bildirib.

Estoniya illik rotasiya çərçivəsində ATƏT-ə sədrlik etməli olsa da, Rusiya bir neçə ay ərzində buna mane oldu. ATƏT-in Skopyedə Şimali Makedoniyanın sədrliyi ilə keçirilən iclasında sədrliyin neytral Maltaya təhvil verilməsi ilə bağlı son dəqiqə razılaşması da rəsmi şəkildə təsdiqlənməlidir.

Bir il əvvəl ATƏT-ə üzv ölkələrin sonuncu nazirlər toplantısını keçirən Polşa Lavrovu oraya dəvət etməmişdi.

ABŞ-ın fikrincə, ATƏT-in iclası Moskvanı məsuliyyətə cəlb etmək üçün uyğun formatdır.

ABŞ-ın ATƏT-dəki səfiri Maykl Karpenter jurnalistlərə “Əvvəla, biz Rusiya ilə hər hansı qarşılıqlı əlaqəni planlaşdırmırıq. Biz həmçinin İkinci Dünya Müharibəsindən sonra Avropa qitəsində ən böyük müharibəyə səbəb olan bu təcavüz davam etdiyi bir vaxt adəti üzrə işləməyəcəyik. Rusiyanın vəhşiliklərini ifşa etmək üçün çox işlər görülüb və mən Rusiyanın Ukraynaya təcavüzünün bütün formalarda pislənəcəyini gözləyirəm” deyib.

Sonradan məlum olub ki, dövlət katibi Antoni Blinken Şimali makedoniyalı həmkarı və digər görüş iştirakçıları ilə yalnız çərşənbə günü keçiriləcək görüşlərdə iştirak edəcək və cümə axşamı Nazirlər Şurasının iclası başlamazdan əvvəl ölkəni tərk edəcək.

Bəzi dövlətlər isə fərqli qərar veriblər. Məsələn, Bolqarıstan Lavrovu daşıyan təyyarə üçün hava məkanını açıb.

Gununsesi.info