“Lavrovun Bakıya səfərləri heç zaman xeyrimizə olmayıb” – Azərbaycanlı politoloq

  • By admin
  • 29 Aprel 2021 21:27

“Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb. Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi”.

Gununsesi.info-nun  məlumatına görə, bunu politoloq Elxan Şahinoğlu Sergey Lavrovun Bakıya gözlənilən səfərinə münasibət bildirəkən deyib.

“Lavrov yenə gəlir. Rusiyanın xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə – Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki, Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır”,-E.Şahinoğlu deyib.

Politoloqun fikrincə, Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir.

“Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil.

Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz. Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.

Gununsesi.info