LDU bayramı teatr əməkdaşları ilə birgə qeyd edib - FOTOLAR

  • By admin
  • 10 Mart 2018 10:40

Lənkəran Dövlət Universiteti  Milli Teatr Günü yeni tamaşanın baxışında iştirak edib.

Lənkəran Dövlət Universitetinin (LDU) professor-müəllim-tələbə heyəti 10 Mart Milli Teatr Günündə  N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı kollektivinin bayram sevincinə şərik olub.

LDU-nun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə teatrla sıx əməkdsaşlıq edən LDU kollektivi bu dəfə də ənənəsinə sadiq qalaraq bayramı teatr əməkdaşları ilə birgə keçirib.

N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov Milli Teatr Günü münasibəti ilə kollektivi və bütün teatrsevərləri təbrik edib, universitet rəhbərliyinə  sıx əməkdaşlığa görə minnətdarlıq bildirib. Bayram münasibəti ilə teatrın bir qrup əməkdaşına fəxri-fərmanlar və pul mükafatları verilib.

Sonra böyük dramaturq Cəlil Məmmədquluzadənin “Danabaş  kəndinin məktəbi” tragikomediyasına  baxış olub. Əməkdar incəsənət xadimi Oruc Qurbanovun quruluş verdiyi tamaşada əsas rolları respublikanın xalq artisti Qabil Quliyev, əməkdar artist Sücəddin Mirzəyev, aktyorlardan Miraslan Ağayev, Şahrud Mehdiyeva, Allahverən Babayev, Qızılgül Quliyeva, Hikmət Cəfərov, Nizami Qurbanov və başqaları ifa ediblər. Anşlaqla keçən tamaşanın sonunda tələbələr aktyorlara çiçək buketləri təqdim edib.

Qeyd edək ki, tamaşanı LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov və digər məsul şəxslər də izləyib.

Esmira İsmayilova

Gununsesi.info