LDU-da gənc tədqiqatçıların respublika elmi konfransı keçirilib - FOTOLAR

  • By admin
  • 17 Oktyabr 2017 18:35

DSC_0175

Lənkəran Dövlət Universitetində “Müasirləşən Azərbaycan: Yeni yüksəliş mərhələsi” mövzusunda keçirilən gənc tədqiqatçıların respublika elmi konfransına dövlət himninin səslənməsi ilə başlayıb.

Gununsesi.info xəbər verir ki, LDU-nun  təşkilati dəstəyi ilə  reallaşan respublika elmi konfransının plenar iclasını universitetin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov açıb.

LDU rəsmisi son illərdə ölkədə gənc elmi kadrların yetişdirilməsi istiqamətində respublika təhsil nazirliyinin həyata keçirdiyi uğurlu layihələrdən  söz açıb, Lənkəran Dövlət Universitetində  elmlə praktikanın üzləşdirilməsi yönümündə  təcrübi tədqiqatlara start verildiyini bildirib. LDU-da gənc  kadrların elmi  potensialının düzgün yönləndirilməsi məqsədi ilə  yeni proqramın hazırlandığını deyən universitet rəsmisi bu istiqamətdə dünya ali təhsil müəssisələrinin təcrübəsindən də yararlanacaqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Professor N.İbrahimovun çıxışı Lənkəran Dövlət Universitetinin bu istiqamətdə fəaliyyətini əks etdirən videoçarxla müşayət  edilib.

“Elmi kadr hazırlığının milli strategiyası “ mövzusunda  LDU-nun tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən professor Yədulla Ağazadə məruzə edib. Məruzə ətrafında keçirilən müzakirədə gənc tədtiqatçılardan Əfranə Həsənli, Ruslan Mirzəyev, Şəbnəm İbadova çıxış edərək ölkədə gənc alimlərin hazırlanması istiqamətində görülmüş işlərdən və həllini gözləyən məsələlərdən söz açıblar.

Respublika elmi konfransı iştirakçıları adından prezident  cənab İlham Əliyevə ünvanlanan müraciətdə  ölkədə gənc elmi kadrların inkişafına göstərilən diqqət və qayğıya görə ölkə başçısına  minnətdarlıq bildirilib, bu etimada yeni uğurlu tədqiqat işləri ilə cavab veriləcəyi vurğulanıb.

Sonra konfrans işini ayrı-ayrı bölmələrdə davam etdirib.Təbiət elmləri, Humanitar elmlər, Aqrar və mühəndislik, İqtisadiyyat bölmələrində gənc tədqiqatçıların  Azərbaycan, rus, ingilis dillərində müxtəlif mövzularda 120-dən artıq məruzəsi  dinlənilib.

Elmi konfransın yekununda bölmə sədrlərinin hesabatları dinlənilib, aktiv müzakirə aparılıb. Professor N.İbrahimov konfransda fəal iştiraklarına görə gənc tədqiqatçılara rəhbərlik adından minnətdarlıq edib və gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb. Gənc tədqiqatçılar arasında daha maraqlı məruzələr təqdim etmiş iştirakçılara sertifikatlar təqdim edilib və həmin işlərin nəşr olunması tövsiyyə olunub.

DSC_0649 DSC_0308 DSC_0684

Gununsesi.info