
31 mart- Azərbaycanlıların soyqırımı qurbanlarının xatirəsi faciənin 100-cü ildönümü günündə Lənkəran Dövlət Universitetində (LDU) ehtiramla anılıb.
LDU-nun mətbuat xidmətindən Gununsesi.info-ya verilən məlumata görə, universitetin professor-müəllim-tələbə heyəti bu münasibətlə Lənkəran şəhərinin mərkəzində soyqırım qurbanlarının xatirəsinə ucaldılan abidə kompleksin önünə gələrək qətlyam qurbanlarının xatirəsini ehtiramla yad ediblər. Mərasim iştirakçıları tərəfindən kompleksin önünə təzə-tər qərənfillər düzülüb. Anım mərasiminə qatılanlar o dəhşətli faciənin yaddaşlardan heş vaxt silinməyəcəyini, daima xatırlanmasının vacib olduğunu bildiriblər.
Daha sonra 31 mart- Azərbaycanlıların soyqırımının 100-cü ildönümü ilə əlaqədar Lənkəran Dövlət Universitetində konfrans keçirilib. Konfransı giriş sözü ilə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad olunub.Bir əsr öncə baş verənləri Azərbaycan tarixinin qanlı səhifəsi kimi dəyərləndirən universitet rəsmisi ümummilli lider Heydər Əliyevin faciə ilə bağlı dediklərini bir daha konfrans iştirakçılarının diqqətinə çatdırıb-”1918-ci ildə erməni daşnaklarının azərbaycanlılara qarşı törətdiyi qırğınlar öz qəddarlığına və amansızlığına görə misli görünməmiş genosid aktı kimi tarixdə qalacaqdır”.
Konfransda tarix elmləri namizədləri -dosent Kamal Mahmudov, dosent Əliağa Baxşıyev, dosent Rakif İbadov, tarix üzrə fəlsəfə doktoru Mais Cəfərov, tarix və onun tədrisi metodikası kafedrasının doktorantı Ülkər Hüseynovanın mövzu ilə bağlı məruzələri dinlənilib.Məruzələrdə faciənin baş verdiyi tarixi şərait, erməni daşnaklarının əsrlər boyu yeritdikləri fitnəkar siyasət, onun amansız nəticələri ətraflı təhlil olunub, belə dəhşətlərin bir daha təkrarlanmaması üçün əməli nəticələr çıxarmağın vacibliyi qeyd edilib.
Konfransda faciənin dəhşətlərini əks etdirən videoçarx nümayiş olunub.
Qeyd edək ki, erməni daşnakları 1918-ci ilin 30 mart-3 aprel aralığında Lənkəranda 40 kənddə 2 mindən artıq günahsiz sakinə qanlı divan tutaraq vəhşicəsinə qətlə yetiriblər.
Esmira İsmayılova
LDU-nun mətbuat xidməti
Gununsesi.info