Lefkoşada Kıbrıs nizamlanması müzakirə edilib

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar və Cənubi Kipr Rum Administrasiyasının rəhbəri Nikos Kristodoulides bazar ertəsi axşam Lefkoşada illik il sonu ziyafətində iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, bu barədə Kıbrıs Türk Agentliyi (TAK) məlumat yayıb.

Ənənəyə görə, tədbirə BMT Baş katibinin Kıbrısdakı xüsusi nümayəndəsi Kolin Stüart ev sahibliyi edir.

Qəbuldakı çıxışında Kolin Stüart bütün maraqlı tərəfləri Kıbrıs probleminin həlli üçün səylərini “diqqətini cəmləməyə və ikiqat artırmağa” çağırıb. “Mövcud çıxılmaz vəziyyətdən çıxış yolu tapmaq üçün iki liderə dəstək olun. İndi hər zamankından daha çox aktiv olmaq lazımdır”, – deyə o, xüsusilə qeyd edib.

O, BMT Baş katibinin Kıbrıs problemi üzrə şəxsi nümayəndəsi vəzifəsinə Maria Ancela Olqin Kuelyarın namizədliyinin təsdiq edilməsinə Ersin Tatar və Nikos Kristodoulides tərəfindən razılıq verilməsindən məmnunluğunu ifadə edib.

Stüart Yunanıstan və Türkiyə arasında son yaxınlaşmanı ümidverici adlandırıb.

Onun sözlərinə görə, Ankara ilə Afina arasında “müsbət proseslər” davam edir.

O, “analoji hadisələrin adada (Kıbrıs) baş verəcəyinə və bu prosesə müsbət təkan verəcəyinə” ümid etdiyini bildirib.

Gununsesi.info