“Legiya” Mahiri cəzalandıra bilər

  • By admin
  • 05 Yanvar 2022 18:23

Mahir Emreli müqaviləni ləğv etmək üçün Polşanın “Legiya” klubu ilə razılığa gəlməsə, məhkəmə aylarla davam edə bilər.

Gununsesi.info “TVP Sport”a istinadən xəbər verir ki, Varşava təmsilçisinin hüquq departamenti məsələ ilə bağlı sakitliyini qoruyur.

Nəşr 25 yaşlı hücumçunun ABŞ-dan olan agentinin oyunçunun hüquqi vəziyyətini tam başa düşmədiyini iddia edir: “O, Portuqaliyanın “Sportinq” komandasının futbolçularına edilən hücumu və bunun nəticəsində klubun təqsiri üzündən müqavilələrə xitam verilməsini xatırladır. Lakin İdman Arbitraj Məhkəməsinin (CAS) təcrübəsinə əsasən, futbolçu hadisədən dərhal sonra, 2-3 gün ərzində müqaviləyə xitam verilməsi istəyi ilə müraciət etməlidir. Ancaq Emreli bunu etməyib. “Legiya” ilə Dubaya yollanmamaq futbolçunun diskvalifikasiyasına və kompensasiya ödəməsinə gətirib çıxara bilər”.

Qeyd edək ki, “Legiya” klubu bu gün təlim-məşq toplanışına start verib. İlk gündə hansısa məşq planlaşdırılmayıb. Son ölkə çempionunun futbolçuları sabah Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindəki hazırlıq prosesinə yollanmamışdan əvvəl koronavirus testlərindən keçib. Hazırda Türkiyənin İstanbul şəhərində olan Emrelinin toplanışa getmə ehtimalı olduqca azdır.

ABŞ-dan hüquqşünas tapan hücumçu müqaviləsinin qarşılıqlı razılıq əsasında pozulmasına kömək istəyib. O, belə bir addımı atmasında “Legiya”nı günahlandırıb. Forvard azarkeşlərin məlum hücumu nəticəsində psixoloji zərbə aldığını deyərək, avtobus insidentindən sonra Varşava komandasında çıxışını davam etdirməsini qeyri-mümkün sayıb.

 

 

Gununsesi.info