Lerik Rayon Polis Şöbəsinin əməkdaşları vətəndaşlara məxsus mal-qaranı oğurlayıb satmaqla məşğul olan dəstəni saxlayıb.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran Regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Lerik rayon sakini Məhərrəməli Talıbov rayon polis şöbəsinə müraciət edərək 1 baş inəyinin otlaq sahəsindən oğurlandığını bildirib. Daha sonra isə rayon sakini Hidayət Zahidov 2 baş, Tərlan Qəribov isə 1 baş inəyinin naməlum şəraitdə itməsi barədə məlumat veriblər.
Aparılan əməliyyat-axtrarış tədbirləri nəticəsində polis vətəndaşlara məxsus mal-qaranı otlaq sahələrindən oğurlayan dəstəni saxlayıb. Onlar Lerik rayon sakinləri Nail Nəsirov, Elvin Hüseynzadə, Nazim Nəsirov və onun qardaşı Razim Nəsirovdur. Dəstə üzvlərindən üçü – Nail Nəsirov, Nazim Nəsirov və Elvin Hüseynzadə saxlanılaraq barələrində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib. Məlum olub ki, dəstə üzvləri ayrı-ayrı vaxtlarda otlaq sahələrində nəzarətsiz qalan inəkləri oğurlayaraq öz heyvanları adı altında satıblar. Belə ki, oğurlanan inəklər Lənkəran rayonunun Aşağı Nüvədi kəndinə gətirilərək burada ayrı-ayrı şəxslərə satılıb.
Gununsesi.info